Azərbaycanın Paris-2024 perspektivləri - TƏHLİL

Təhlil
20 Yanvar 2024 14:23
618
Azərbaycanın Paris-2024 perspektivləri - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqələr uğrunda mübarizə davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları bu il keçiriləcək lisenziya xarakterli yarışlarda dördilliyin ən mötəbər multi-idman tədbirinə vəsiqə qazanmağa çalışacaq.

Güləş
Güləşçiləri qarşıda iki lisenziya turniri gözləyir. Onlardan biri Bakıda keçiriləcək. Hazırda üç idmançımız Parisə bilet əldə edib. Ötən il Belqradda təşkil olunan dünya çempionatında sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq), "klassik"lər Sənan Süleymanov (77 kq) və Həsrət Cəfərov (67 kq) Olimpiadaya lisenziya qazanıb. Təbii ki, əsas ümidlər Bakıdakı Avropa təsnifat turniri (4-7 aprel) ilə bağlıdır. Burada finalçılar Oyunlara vəsiqə əldə edəcək. Son vakansiyalar isə İstanbuldakı dünya təsnifat turnirində (9-12 may) sahiblərini tapacaq. Orada hər çəkidə üç güləşçi Parisə bilet sifariş edə biləcək.

Boks
Boksda da Olimpiadaya seçim bir neçə turnirdən ibarət çoxpilləli yolla gerçəkləşir. Ötən il idmançılar Parisə qitə turnirlərindən vəsiqə qazanıblar. Avropa Oyunlarında bu vəzifənin öhdəsindən Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gəliblər. Qarşıda iki lisenziya turniri var. Fevralın 29-dan martın 12-dək Busto-Arsisioda vəsiqələr sahiblərini tapacaq. İtaliyadakı yarışda çəkilər üzrə lisenziya sayı fərqli olacaq. Bəzi kateqoriyalarda 4, bəzilərində 3, digərlərində 2 yer belə hüquq verəcək. Son təsnifat turnirində də oxşar mənzərə yaşanacaq. Bu yarış mayın 23-dən iyunun 5-dək Banqkokda baş tutacaq.

Cüdo
Cüdoda kişilərdən ibarət millimiz demək olar bütün çəkilərdə işinin öhdəsindən gəlib. Reytinq xallarının davamını həlledici hissədə toplamaq qalıb ki, cədvəldəki mövqelər əldən verilməsin. Bəzi çəkilərdə bir neçə təmsilçimiz bu vəzifənin öhdəsindən gəlməkdədir. Bu da rəqabəti daha da artırır. Hazırda kişi yığmasında 7 yerə 9 iddiaçı var. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollai, Zelim Tskayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauridir (+100 kq). Görünür ki, komandanın liderləri Heydərovla Kotsoyev indidən Olimpiadaya hazırlığa köklənə bilər
Qadın cüdosunda lisenziyalar uğrunda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Açelya Toprak (57 kq) mübarizə aparır. İlin ilk sınağı yanvarın 26-28-də keçiriləcək Portuqaliya Qran-Prisi olacaq.

Bədii gimnastika
Ötən il Zöhrə Agamirova Valensiyadakı dünya çempionatında vəzifənin öhdəsindən gəlib. O, öz karyerasındakı ikinci Olimpiadaya hazırlaşır. İndi növbə qrup hərəkətlərindəki komandadadır. Onlar Budapeştdəki Avropa çempionatında (24-28 aprel) iştirak edəcəklər. Məhz Macarıstan paytaxtı son lisenziya sınağıdır. Bu yarışda yalnız bir yer Parisə vəsiqə qazanacaq. Amma qitənin əksər aparıcı yığmaları artıq son iki dünya çempionatı sayəsində Olimpiadaya bileti əldə edib. Yığmamız son vəsiqə üçün mübarizənin müəyyən mənada favoritidir.

Taekvondo
Komandamızın aktivində hələlik yalnız bir vəsiqə var. Bunu da Qaşim Maqomedov (58 kq) "Böyük dəbilqə"də əldə edib. Digər vakansiyaları martın 8-10-da keçiriləcək turnirdə qazanmaq lazımdır. Orada ən azı üç yerə ümid edə bilərik. Bunlardan biri kişi, ikisi qadınlarda mümkündür. Minimum vəzifə üçün turnirin finalına vəsiqə qazanmaq tələb olunur.

İdman gimnastikası
Bu növdə vəsiqələr dünya kuboku və Avropa çempionatında sahiblərinə qovuşacaq. Kubokda lisenziya mübarizəsi ayrı-ayrı təmrinlərdə gedəcək. Hər növdə iki idmançı Fransaya bilet qazanacaq. Bu dörd mərhələdən üçünün nəticələrinə əsasən müəyyənləşəcək. Son şans isə aprelin sonundan mayın əvvəlinədək Riminidə təşkil olunacaq Avropa çempionatında olacaq. Kişi və qadın çoxnövçülüyünün hərəsində iki yerin sahibi dəqiqləşəcək.

Atıcılıq
Azərbaycan atıcıları bu il bir neçə lisenziya xarakterli turnirdə iştirak edəcək. İlk belə yarış Macarıstanın Qyor şəhərindəki Avropa çempionatı (24 fevral – 3 mart) olacaq. Burada Parisə 8 biletin sahibi müəyyənləşəcək. Təqvimdə Doha lisenziya turniri (22-30 aprel), Lonatodakı Avropa çempionatl (15-27 may), Osiyekdəki təsnifat yarışı (20-28 iyun) da var. Bir sözlə, idmançıların vəzifənin öhdəsindən gəlmək üçün bir neçə şansı olacaq. Hazırda yalnız güllə atıcımız Ruslan Lunyovun Olimpiadada iştirakı dəqiqləşib.

Ağıqllıqqaldırma
Burada seçim reytinqə görə aparılır. İlk olimpiya cədvəli aprelin 28-dəki sıralamaya əsasən aparılacaq. Hər çəkidə 10 idmançı bu yolla Parisdə iştirak hüququnu rəsmiləşdirəcək. Olimpiadaya həmin tarixdəki qitə reytinqi ilə də yollanmaq mümkündür. Bunun üçün qitə miqyaslı turnirlərdə də nəticə göstərmək zəruridir. İlk belə yarış Antalyadakı Avropa çempionatı (17-28 fevral) olacaq.

Qılıncoynatma
Bu növdə təsnifat aprelin 1-dək davam edəcək. Əsas diqqət qadın sablyasınadır. Burada idmançılar dünya və qitə çempionatları, dünya kuboku və Qran-Pridə xallar toplayır. Növdən asılı olaraq Fransada 34-37 idmançı yarışacaq. Hazırda Anna Başta sıralamada 16-cı yerdədir. Sablyaçıların ilk turniri Tunisdəki Qran-Pridir. Ardınca dünya kubokunda iştirak gerçəkləşəcək.
Bundan başqa, komanda lisenziyası üçün də mübarizə gedir. Komandamızın əsas rəqibi italiyalılardır. Parisə vəsiqə üçün reytinqdə onları keçmək tələb olunur. Bunun üçün qarşıda üç dünya kuboku var. Həmin yarışlar Lima (12 fevral), Afina (3 mart) və Sent-Niklasda (17 mart) baş tutacaq.

Batut gimnastikası
Uçan gimnastların Olimpiadaya düşmək üçün daha iki şansı var. İlk belə imkan dünya kuboku seriyasında olacaq. Seriyanın birinci turnirini ənənəvi olaraq Bakı (23-25 fevral) qəbul edəcək. Seriyanın yekununda üç ən yaxşı nəticə hesaba alınacaq. Həm kişi, həm qadınların mübarizəsində 2-dən 12-yədək iştirakçı Parisə vəsiqə qazana bilər. Selcan Mahsudova bu vəzifənin öhdəsindən qarşıdakı aylarda gəlmək imkanına malikdir. Bakıdakı uğurlu çıxış onun Oyunlara düşməsini demək olar təmin edəcək. Portuqaliyanın Gimaraynş şəhərindəki Avropa çempionatı da (3-7 aprel) lisenziya xarakterli olacaq.

Triatlon
Rostislav Pevtsov özü üçün üçüncü Olimpiadaya qatılmaq üçün bütün şanslara malikdir. Reytinqdə ilk 55 yeri tutan idmançılar bu vəsiqəni qazanır. O, hazırda 45-cidir. Ötən il Pevtsov Çenqdudakı dünya kubokunda bürünc əldə edib. O, digər turnirlərin də bir neçəsində xallar toplayıb. Pevtsov bu il yarışlara mübarizəyə davam edəcək. Qarşıdakı start martın sonunda Honkonqda olacaq.

Basketbol 3x3
Komanda idman növlərindən basketbolçularımız Paris-2024 şansını qoruyur. Qadınlardan ibarət 3x3 növü üzrə millimiz Honkonqda keçiriləcək 1-ci təsnifat turnirində qüvvəsini sınayacaq. Millimiz yeganə vəsiqə uğrunda Honkonq, Macarıstan, Niderland, Polşa, Misir, Monqolustan və Çili ilə mübarizə aparacaq. İl ərzində keçiriləcək 2-ci turnirdə digər yığmalar olimpiya vəsiqəsi üçün yarışacaq.

İdman.biz

Məqalədə: