Paris-2024-in medalları təqdim olunub - VİDEO

Xəbərlər
8 Fevral 2024 15:35
719
Paris-2024-in medalları təqdim olunub - VİDEO

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimat mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mükafatlar Olimpiadanın Təşkilat Komitəsinin mənzil-qərargahında təqdim olunub.

Medalların özəlliyi hər birinin tərkibində Eyfel qülləsinin metal fraqmentinin olmasından ibarətdir. Komitənin sədri Toni Estanqe bu medalların necə çətinliklə başa gəldiyini açıqlayıb: “Qızıl, gümüş və bürüncün Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb”.

Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Hər ikisinin mərkəzində Eyfel qülləsinin konstruksiyasındakı poladdan hazırlanan beşbucaqlı yer alıb. Sərhədlərinin görünüşünə görə Fransanı təcəssüm edən “beşbucağ”ı yarışların loqosu bəzəyir. Bu fiqurun ətrafındakı şüalar isə Fransa və uğur qazanan idmançıların parlaması anlamına gəlir.

Medalların lenti də qüllənin konstruksiyasını əks etdirən ornamentlə bəzədilib. Medalın arxa tərəfində qədim yunan stadionu əks olunub. Arenanın mərkəzində qələbə ilahəsi Nika dayanıb. Üfüqdə bir küncdə Afina Akropolu, digərində Eyfel qülləsi görünür. Paralimpiya medalları arxa hissədən nisbətən fərqlənir. Burada görmə qabiliyyətini itirənlər üçün nəzərdə tutulan Brayl şrifti ilə “Paris-2024” və “Paralimpiya Oyunları” yazılıb.

Mükafatların dizaynını “Chaumet” zərgər evi hazırlayıb. Bu qurum Fransa biznesmeni Bernar Arnoya məxsus LVMH şirkətinə daxildir. Ümumilikdə 5 mindən çox medal hazırlanıb. Onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qram təşkil edəcək ki, hər birinin tərkibində Eyfel qülləsinin konstruksiyasından 18 qram olacaq.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz