Qızıl ümidlər - İDMAN.BİZİN REYTİNQİ

Təhlil
26 İyun 2024 15:12
980
Qızıl ümidlər - İDMAN.BİZİN REYTİNQİ

Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi bir ay qalıb. 30 gündən sonra planetin diqqəti Fransa paytaxtına yönələcək.

İdman.biz Azərbaycanın Parisdəki qızıl ümidlərini nəzərdən keçirir.

Ənənəvi olaraq, bu dəfə də ölkəmizin medal ehtiyatını döyüş növlərinin dolduracağı şübhə doğurmur. Tarixə də nəzər salsaq, 49 olimpiya medalının 44-ü təkbətək döyüş növlərində - güləş, boks, cüdo, taekvondo və karatedə qazanılıb. Atıcılıqla kanoenin payına isə cəmi 5 mükafat düşür.

Amerika kəşf etmədən söyləmək olar ki, Parisdə də medalları əsasən güləş, cüdo və boksda gözləyəcəyik. Təbii ki, digər növlərdən bəzilərində də xoş sürpriz, gözlənilməz nailiyyətə ümid etmək olar. Ən yüksək əyarlı medalı – çempionluğu isə daha çox bu növlərdən gözləyəcəyik.

İdman.biz Azərbaycanın ən böyük qızıl ümidlərinin reytinqini təqdim edir:

1. Hidayət Heydərov (cüdo, 73 kq)

Paris-2024-də çempion adına bir nömrəli namizədimiz Hidayət Heydərovdur. Dünya və dördqat Avropa çempionu özünün ilk Olimpiadasında fəxri kürsünün ən yüksək pilləsini hədəfləyib. Bu il həm mundialda, həm qitədə qızıl medal qazanması onun hazırkı formasından xəbər verir. Hidayətin öz çəkisinin ağası olmasını dünya və olimpiya reytinqlərindəki böyük üstünlük də sübut edir. Onun cüdo tariximizə ikinci olimpiya çempionu kimi düşmək ehtimalı bütün mütəxəssislər tərəfindən də çox yüksək qiymətləndirilir.

2. Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq)

Yunan-Roma yığmamız da tarixinin ikinci olimpiya qızılını Fransa paytaxtında əldə edə bilər. “Klassiklər”in hər biri millinin medal hesabını zənginləşdirə, çempionluq sevinci yaşaya bilər. Həsrət Cəfərovun fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansı daha yüksək görünür. Cəmi 22 yaşı olmasına baxmayaraq, güləşçimiz artıq yetərincə böyük medal kolleksiyasına malikdir. Parisə lisenziyanı ötən il dünya çempionatının finalına yüksəlməklə qazanan güləşçimiz həmin gümüşdən bir il əvvəl bürünc əldə edib. Həmin vaxt həm tək dünya deyil, qitədə də üçüncü olan Həsrət sonrakı iki ildə Avropanın ən güclüsü olub. Bütün uğurları eyni çəkidə qazanan pəhləvanın 4 ay əvvəlki çempionluğu da onun formada olduğunu, Parisi “partlatmaq” gücünü göstərir.

3. Zelim Kotsoyev (cüdo, 100 kq)

Əvvəlki 7 Olimpiadada bir qızılı olan cüdo yığmamız Parisdə birdən-birə iki dəfə Azərbaycan himnini səsləndirə bilər. Çünki Hidayət Heydərovun komanda yoldaşı Zelim Kotsoyev də Fransa paytaxtına ən yüksək nailiyyət üçün yollanacaq. Ardıcıl üç dünya çempionatında medal qazanan idmançımız ötən ay Abu-Dabidə hamıdan güclü olduğunu sübut edib. Öz çəkisində bütün reytinq sıralamalarının da lideri olan Kotsoyev bunu Paris tatamisində də nümayiş etdirəcək. Son dünya və ötən ilin Avropa çempionu bu mükafatlarına dördilliyin ən mötəbər multiidman yarışının qızılı da əlavə etməlidir.

4. Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq)

Yunan-Roma güləşçiləri kimi sərbəst üsula üstünlük verən pəhləvanlarımızın da hər biri Paris xalçasında medal, hətta çempionluq qazanmaq gücündədir. Maqomedxan Maqomedov daha şanslı hesab etmək olar. Parisə vəsiqəni ötənilki dünya çempionatının finalına çıxmaqla qazanan güləşçimiz öz çəkisində lider hesab olunur. Bu çəkinin ağası sayılan əfsanəvi Abdulraşid Sadullayevin Olimpiadaya buraxılmaması Maqomedxanı favoritə çevirib. Avropa çempionatlarında son üç ildə finalçı olan təmsilçimiz qızılla başlayan seriyanı sonrakı iki gümüşlə davam edib. Mundiallarda bürünc və qızılı olan güləşçi ilk olimpiya cəhdində uğura köklənib.

5. Alfonso Dominqes (boks, 92 kq)

Sidneydən başlayaraq hər Olimpiadada medal qazanan boks millimiz üçün ilk qızılının vaxtı yetişib. Komandamız Parisdə bir neçə medal qazanmaq iqtidarındadır. İlk çempionluğu da gözləməyə dəyər. Tokioda bürünclə kifayətlənən Alfonso Dominqes yığmanın liderlərindən sayılır. Olimpiadadan sonrakı iki dünya çempionatının finalçısı bir qızıl və bir gümüşə sevinib. Bu il Avropa bürüncü də qazanan boksçu fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizədə favoritlərdəndir.

Paris qızılına 5 əsas namizədi nəzərdən keçirdik. Əlbəttə, Fransa paytaxtında daha çox uğur əldə olunmasını istərdik. Amma tarixi gözdən keçirsək, heç bir Olimpiadada 2-dən çox qızıl qazanılmayıb. Daha çox çempionluq, bu göstəricidə yeni rekordun reallaşması isə təkcə bu “beşlik”dən deyil, bütün idmançılarımızdan asılıdır. Niyə də olmasın, niyə də Parisi “partlatmayaq”?.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: