Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarları ilk dəfə bu vəzifəni yerinə yetirəcək.
İdman.biz xəbər verir ki, iyulun 26-da Bakı vaxtı ilə saat 21:30-da başlanacaq Olimpiadanın açılış mərasimində üçrəngli bayrağımızı daşıyacaq boksçumuz Məhəmməd Abdullayev və cüdoçumuz Gültac Məmmədəliyeva əvvəlki yarışlarda belə etimad qazanmayıblar.
Ümumiyyətlə, Azərbaycanın heç bir idmançısı iki dəfə bayraqdar olmayıb. Əvvəlki 7 Olimpiadada 8 təmsilçimiz bu vəzifəni yerinə yetirib.
Tokio-2020-yə qədər hər yarışda bir, Yaponiya paytaxtında iki idmançımız açılış mərasimində bayraqla irəliləyib. Onlar 5 müxtəlif idman növünü təmsil edib.
Cüdoçulara bayraqdar vəzifəsi daha çox həvalə olunub. Yeddi Olimpiadadan üçündə məhz tatami ustaları bu işi icra edib. Gültac 4-cü cüdoçumuz kimi açılış mərasimində bayraq daşıyacaq. Məhəmməd isə ikinci boksçu kimi tarixə düşəcək. Beləliklə, cüdoda poker, boksda dubl rəsmiləşəcək. Bu iki növdən başqa güləşdə iki, ağırlıqqaldırma və taekvondoda bir bayraqdarımız olub.
Bayraqdarların həmin Olimpiadadakı nəticələri isə heç də sevindirici sayılmır. Əvvəlki səkkiz idmançının yeganə qazancı bir medaldır. Bu yeganə istisna sərbəst güləşçimizdir. Atlanta-1996-nın gümüş mükafatçısı kimi Sidney-2000-də bayrağı daşıyan pəhləvanımız Namiq Abdullayev Avstraliyada çempion tituluna yiyələnib.
Digər yeddi bayraqdar isə ciddi uğura həsrət qalıb. Teymur Məmmədovla Rüstəm Orucov medalın bir addımlığında – 5-ci yerdə qərarlaşıbsa, idmançılarımızın digərləri mükafatlardan çox uzaq düşüb.
Azərbaycanın Olimpiadalardakı bayraqdarları və nəticələri:
Atlanta-1996. Nazim Hüseynov (cüdo) – 17-ci yer
Sidney-2000. Namiq Abdullayev (güləş) - ÇEMPİON
Afina-2004. Nizami Paşayev (ağırlıqqaldırma) – çıxışını başa vurmayıb
Pekin-2008. Fərid Mansurov (yunan-Roma güləşi) - İlk görüşündə uduzub
London-2012. Elnur Məmmədli (cüdo) - İlk görüşündə uduzub
Rio-2016. Teymur Məmmədov (boks) – 5-ci yer
Tokio-2020. Rüstəm Orucov (cüdo) – 5-ci yer, Fəridə Əzizova (taekvondo) – 1/8 finalda uduzub
Paris-2024. Məhəmməd Abdullayev (boks), Gültac Məmmədəliyeva (cüdo)
Vüqar Xeyrullayev
İdman.biz