Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev (90 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, idmana gəlişi, cüdoya sevgisi və gələcək hədəflərindən danışıb.
- Cüdo ilə ilk tanışlığınız necə olub?
- Sinif yoldaşım cüdoya başlayanda onun məşqlərinə baxmağa getmişdim. 10 yaşım var idi. Ondan sonra məndə cüdoya həvəs yarandı.
- İlk məğlubiyyətinizi xatırlayırsız?
- İlk məğlubiyyət anı Avropa kubokunun finalında olmuşdu. Yerli idmançı idi. Demək olar ki, 10 saniyəyə mənə 2 cərimə xalı verdilər. Çox pis olmuşdum. İlk yarışım idi. 2-3 saat dayanmadan ağlamışdım. Bilmirdim, nə edim. Uduzmaqla barışa bilmirəm.
- Məşqçinizlə oxşarlıqlarınız nədədir?
- Müəllimim kimi mən də məğlub olmağı sevmirəm. Eyni xarakterdəyik. Hansı oyun olur olsun, futbol, voleybol, fərqi yoxdur, uduzmağı sevmirəm. Bəzən elə olur ki, hiss edirəm məğlub olacam, cığallıq edirəm.
- Ən böyük dəstəkçiniz və azarkeşiniz kimdir?
- Ən böyük dəstəkçim və fanatım atamdır. Demək olar ki, yarışlara məndən çox baxır, rəqiblərimi izləyir. Şəklimi paylaşır. Mənimlə fəxr edir, mən də onunla fəxr edirəm. Atamın özü də idmançı olub. Sadəcə, şərait olmayıb o vaxtı və davam etməyib. Özü etmək istədiklərini məndə görmək arzusundaydı.
- Cüdonu bu qədər sevməyində əsas rol sahibi kimdir?
- Məndə bu həvəsi yaradan şəxsi məşqçim Hikmət Əliyev oldu. Bizim aramızda prinsiplər yaradırdı. Kim qalib gəlsə, həmin adamı tərifləyirdi. Məsələn, məşqdən çıxandan sonra gedirdim, axşam düşünürdüm ki, sabah müəllimin tərifini mən qazanacam.
- Paris-2024-də əsas hədəfin nədir?
- Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Çempion olub atamı sevindirmək istəyirəm.
İdman.biz