Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarımızdan Məryəm Şeyxəlizadəxangahın 20-ci ad günüdür.
İdman.biz xəbər verir ki, Oyunların açılış günündə 20 yaş 8 günlüyündə olacaq üzgüçümüz Parisdəki təmsilçilərimiz arasında ikinci ən gənc idmançımızdır.
3 il öncə 17 yaşını Tokio Olimpiadasının açılışından 5 gün qabaq qeyd etmiş Məryəm “Gündoğar ölkə”də ən gənc idmançımız olub. Parisdə isə ondan gənc yalnız açılış günündə 19 yaş 240 günlüyündə olacaq bədii gimnastika üzrə qrup komandamızın üzvü Ləman Əlimuradovadır.
Parisdə 2004-cü il təvəllüdlü 3 idmançımız yarışacaq. Sıralamada 3-cü olan idmançımız üzgüçü Ramil Vəlizadədir. Ramil 8 gün sonra 20 yaş 161 günlüyündə olacaq.
Azərbaycanı Parisdə təmsil edəcək idmançılar arasında ən yaşlısı isə 3x3 basketbol yığmamızın üzvü Mersedes Uolkerdir. Oyunların açılış günündə basketbolçumuz 37 yaş 288 günlüyündə olacaq. Triatlonçumuz Rostislav Pevtsovda bu göstərici 37 yaş 102 gün, yunan-Roma güləşçisi Rafiq Hüseynovda 36 yaş 71 gündür.
Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək
Vüqar Məmmədov
İdman.biz