"Olimpiya Oyunlarına hazırlıqlar yaxşı gedir".
Bunu İdman.bizə Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında rəqiblərini dəyərləndirib. Rzazadə bildirib ki, yarışdakı bütün iştirakçılar güclüdür: “Zəlimxan Abakarov, Rey Hiquçi, Arsen Harutunyan və Stevan Miçiçi fərqləndirərdim. Bunlar üzərində qələbə qazansam, Olimpiya çempionu ola bilərəm. Mən və adlarını çəkdiyim “dördlük” digərlərindən daha güclüdür. Son yarışda da Rey Hiquçi əla formada idi. Ona təmiz üstünlüklə qalib gəlsəm də, hakimlər 2 xalımı vermədilər. Sonra zədələnərək turniri tərk etdim. Düşünürəm ki, Parisdə ondan qisas ala bilərəm".
Rzazadənin sözlərinə görə, Fransa paytaxtında hədəfi yalnız qızıl medal olacaq: "Olimpiya Oyunlarında hər bir mükafat dəyərlidir. Amma mən ora sırf qızıl medal üçün gedirəm. Hazırlıq səviyyəm də yaxşıdır. Qubada son təlim-məşq toplanışındayıq. İnanıram ki, Paris-2024-də komanda yoldaşlarım və mən də uğurla çıxış edib, Azərbaycanın bayrağını dalğalandıracağıq".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi 6 sərbəst güləşçi təmsil edəcək.
Emin Ağa
İdman.biz