“Gültac Məmmədəliyeva millimizin bayraqdarı kimi Olimpiadada öz sözünü deyəcək”.
Bunu İdman.bizə cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Məmmədov deyib.
O, komandanın Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığını dəyərləndirib: “Təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Biz Avropa Cüdo İttifaqının Valensiya və Benidorm şəhərlərindəki düşərgəsində məşq etdik. Hazırlığın yekun hissəsi Bakıda oldu. Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) işin bütün həcmini yerinə yetiriblər, starta hazırdırlar”.
Məmmədov Gültacın Olimpiadanın açılış mərasimində bayraqdar olmasına da münasibət bildirib. O, bayraqdar statusunun Gültaca əlavə motivasiya verəcəyini qeyd edib: “İnanıram ki, Məmmədəliyeva Parisdə öz sözünü deyəcək. Onun kifayət qədər vacib missiyası var. Lakin Gültacın bunun öhdəsindən gələcəyinə şübhə yoxdur”.
Baş məşqçi bəzi millilərdə cüdoçuların bayraqdar olacağını da vurğulayıb: “Xorvatiyanın bayrağını dəfələrlə dünya çempionu Barbara Matiç daşıyacaq. Olimpiya mükafatlarının tam dəstinin qalibi İdalis Ortiz isə Kuba komandasının bayraqdarı seçilib”.
Məşqçinin fikrincə, Leyla da, Gültac da psixoloji cəhətdən Olimpiadaya hazırdır və bu amil onlara Parisdə kömək edə bilər.
Zəki Feyzullayev
İdman.biz