Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə cəmi üç gün qalıb.
İdman.biz xəbər verir ki, start ərəfəsində ABŞ-ın məşhur “Sports Illustrated” nəşri bütün medal dəstlərinin sahibləri ilə bağlı proqnozlarını açıqlayıb.
İlk olimpiyaçılarını Fransaya göndərən Azərbaycan millisinin əldə edəcəyi mükafatların mümkün sahibləri də bəlli olub. Amerikalıların proqnozuna görə, ölkəmiz iki qızıl medal qazanacaq.
“Sports Illustrated” nəşri hər iki çempionluğun yunan-Roma güləşində əldə olunacağı qənaətindədir. Jurnal Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanovu (77 kq) qızıl medala layiq görüb.
Sərbəst güləş üzrə komandamızdan iki mükafat gözlənilir. Maqomedxan Maqomedov (97 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünclə kifayətlənəcək.
“Sports Illustrated” cüdoçularımızın qızıl qazanacağını düşünmür. Amerikalılar Zelim Kotsoyevin (100 kq) gümüş, Hidayət Heydərovun (73 kq) bürünc medal əldə edəcəklərinə inanırlar.
Lakin bu proqnozu tam ciddi qəbul etmək olmaz. Hidayətin çəkisində İsveçrədən olan Nils Stamp, Zelimin kateqoriyasında çexiyalı Lukaş Krpaleki çempion görən nəşr kobud səhvə yol verib. İkiqat olimpiya çempionu olan çexiyalı ağır çəkidə mübarizə aparır.
Amerikalılar boksda bir bürünc medal qazanacağımızı iddia edir. Bu uğura millimizin bayraqdarı Məhəmməd Abdullayevin (+92 kq) imza atacağını gözləyirlər.
Bir sözlə, “Sports Illustrated”in proqnozuna görə yığmamız Parisdən ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünclə dönəcək.
Zəki Feyzullayev
İdman.biz