Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı xüsusi təhlil hazırlayıb.
İdman.biz xəbər verir ki, qurumun mətbuat xidməti hər çəki dərəcəsində hadisələrin mümkün axarını nəzərdən keçirib.
Təhlil zamanı idmançıların dünya reytinqindəki mövqeyinə və hazırkı statusuna üstünlük verilib. IJF 73 kq çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərovun yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacağını, finalda isə Soiçi Haşimoto (Yaponiya) ilə üz-üzə gələcəyini proqnozlaşdırır:
“Əgər hər şey reytinqlə olsaydı, Tokioda keçirilən “Böyük Dəbilqə”nin finalında 32 yaşlı Haşimotoya qalib gələn Heydərov çempion adını qazanardı. Üç il əvvəl baş tutan Tokio-2020-də yalnız bir dünya çempionu statuslu idmançı Olimpiya qızılını qazanmışdı. Buna fransalı Klaris Aqbenu nail olub. Heydərov bir müddət əvvəl Abu-Dabidə dünya çempionu titulunu qazandıqdan sonra yenidən zirvədə qərarlaşmaq üçün inanılmazları gerçəkləşdirməlidir. Bunu belə tezliklə gözləmək çətindir. Ancaq belə hadisəni izləmək fenomenal olardı”.
Qeyd edək ki, Hidayət Heydərov Fransa paytaxtında tatamiyə iyulun 29-da çıxacaq.
İdman.biz