Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalıb.
İdman.biz xəbər verir ki, dördilliyin ən mötəbər multiidman tədbiri ərəfəsində azarkeşlər suallar dəryasında qərq olub və onların cavabını səbirsizliklə gözləyir.
Bunlardan biri də “millimizin ilk medalı nə vaxt gələcək” sualıdır. İlk medal şanslarımız açılış mərasiminin ertəsi əldə olunacaq. Olimpiadalar tarixinə baxsaq, medal hesabımızın nə vaxt açıldığını görmək olar.
Gecikən “siftə”
Tarixə ilk olimpiya medalımız kimi düşən Namiq Abdullayevin gümüşü ən gec əldə olunan “siftə”dir. Sərbəst güləşçimiz açılış mərasimindən 13 gün sonra Azərbaycan bayrağını dalğalandırıb.
Cüdoçuların rekordu: Hidayətin ssenarisi
Ən erkən olimpiya medalları yarışların üçüncü günündə qazanılıb. Bu, iki dəfə yaşanıb. Hər iki uğur da cüdoçuların hesabına yazılıb. Pekin-2008-də Elnur Məmmədli açılışdan sonrakı üçüncü gündə rəqiblərini ard-arda tatamiyə “çırparaq” qızıl medal qazanıb. 8 il sonra Rüstəm Orucov gümüşü 3-cü gündə qazanıb. Hər iki cüdoçumuz 73 kq çəkidə çıxış edib. Ənənəyə çevrilib ki, cüdo yarışları açılışın ertəsi başlayır və hər gün bir kişi, bir qadın kateqoriyasında mükafatçılar bəlli olur. Kişilərin 73 kq çəkisi bu siyahıda üçüncüdür. Paris-2024-ün üçüncü günündə də əsas medal, hətta çempionluq ümidimiz Hidayət Heydərov tatamiyə çıxacaq. Onadək medal qazanan olmasa, cüdoçumuz rekordu təkrarlaya bilər.
Ləğv edilən rekord
Əslində ən erkən olimpiya medalı yarışın ikinci günü qazanılıb. Amma London-2012-dəki “siftə”nin memarı ağırlıqqaldıran Valentin Xristov sonradan dopinqdə ilişdiyi üçün nəticələri ləğv edilib. İndi həmin Olimpiadaya baxdıqda, ilk medal 9-cu gün yunan-Roma güləşçisi Rövşən Bayramovun hesabına yazılıb.
İlk həftənin “siftə”ləri
Digər üç Olimpiadanın birinci medalı ilk yarış həftəsinin sonlarında qazanılıb. Güllə atıcısı İradə Aşumova Afina-2004-dəki bürüncü 5-ci yarış günündə qazanıb. Söhbət açılışdan sonrakı beşinci gündən gedir. Ondan dörd il əvvəl Azərbaycana ilk qızıl gətirən Zemfira Meftəhətdinova Sidney-2000-in altıncı günündə fəxri himnimizi səsləndirib və “Yaşıl qitə”də “siftə”nin memarı olub. Son Yay Olimpiya Oyunlarımız olan Tokio-2020-dəki ilk uğur İrina Kindzerskadan gəlib. Ağırçəkili cüdoçumuz Yaponiyadakı 7-ci yarış günündə fərqlənib.
Azərbaycanın qatıldığı Olimpiadaların açılış mərasimlərinin tarixi:
Atlanta-1996: 19 iyul
Sidney-2000: 15 sentyabr
Afina-2004: 13 avqust
Pekin-2008: 8 avqust
London-2012: 27 iyul
Rio-2016: 5 avqust
Tokio-2020: 23 iyul (2021-ci ilə təxirə salınıb)
Paris-2024: 26 iyul
Azərbaycanın qazandığı ilk medalın tarixi:
Atlanta-1996: 1 avqust
Sidney-2000: 21 sentyabr
Afina-2004: 18 avqust
Pekin-2008: 11 avqust
London-2012: 5 avqust
Rio-2016: 8 avqust
Tokio-2020: 30 iyul (2021-ci ilə təxirə salınıb)
Vüqar Xeyrullayev
İdman.biz