Paris-2024 Yay Olimpiya Oyunlarının ilk matçı qalmaqalla yadda qalıb.
İdman.biz xəbər verir ki, Argentina və Mərakeş komandaları arasındakı oyun 2 saat dayandırılıb.
Hər şey oyunun əsas vaxtına əlavə olunmuş 16-cı dəqiqəsində baş verib. Hesabda geri olan Argentina bərabərlik qolunu vurub. Bundan sonra Mərakeş azarkeşlərinin meydana daxil olması hakim Qlenn Nyuberqin komandaları soyunub-geyinmə otağına dəvət etməsi ilə nəticələnib. Təxminən 2 saatdan sonra oyun bərpa olunub və final fiti səslənib. Bu azmış kimi, uzun fasilədən sonra hakimlər offsayddan vurulduğunu qeydə alaraq, Argentinanın qolunu da ləğv ediblər. Yekunda Mərakeş 2:1 hesabı ilə qalib gəlib.
Cənubi amerikalıların baş məşqçisi Xavyer Masçerano meydanda baş verənləri sirk adlandırıb. O, karyerası ərzində belə halla uzləşmədiyini bildirib.
İdman.biz