Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə bir gün qalsa da, Fransa paytaxtı artıq yarışların həyəcanı ilə yaşayır.
İdman.biz xəbər verir ki, iyulun 24-də iki idman növündə mübarizəyə şahid olan fransalılar bu gün daha böyük seçim imkanı qazanacaq.
Açılışa bir gün qalmış üç komanda növündə matçlar təşkil olunacaq. Futbol və reqbi-7-də ikinci oyun günü də zəngin keçəcək.
Bir gün əvvəl kişi futbolçular mübarizə aparırdısa, bu dəfə qadın komandaları 6 görüşlə yarışa start verəcəklər.
Reqbidə 6 matçla qrup mərhələsi yekunlaşacaq. 1/4 final və 9-12-ci yerlər uğrunda mübarizə 4 oyunla başlayacaq.
Həndbol yarışlarının ilk günü qadınlar meydana çıxacaq. Qrup mərhələsində 6 görüş baş tutacaq.
Mübarizəyə start verilən ilk fərdi idman növü kamandan oxatma olacaq. Öncə qadın, ardınca kişi idmançılar sıralama turunda “Robin Qud”dan nümunə götürməyə çalışacaq. Azərbaycan olimpiyaçısı Yaylagül Ramazanova Bakı vaxtı ilə saat 11:30-da başlayacaq yarışa qatılacaq.
Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi sabah saat 22:00-da başlayacaq.
İdman.biz