Paris-2024: Yaylagül Ramazanova 39-cu olub, rəqibi dəqiqləşib

Xəbərlər
25 İyul 2024 13:38
1 342
Paris-2024: Yaylagül Ramazanova 39-cu olub, rəqibi dəqiqləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Yaylagül Ramazanova da mübarizəyə qoşulub.

Bu gün qadınların yarışında sıralama turu baş tutub. 64 oxatan hədəfi 72 dəfə nişan alıb. Yaylagül bu atışlarda 647 xal toplayıb. O, 23 dəfə 10 xallıq atış edib ki, bunların 6-da ox hədəfin mərkəzinə düşüb. İdmançımız 39 yeri tutub.

Ramazanova 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. Onun rəqibi mərhələni 656 xalla tamamlayıb. 1/32 finala iyulun 30-da start götürəcək.

Qeyd edək ki, qadınların kamandan oxatma yarışında mükafatçılar avqustun 3-də bəlli olacaq.

***

13:20

Paris-2024-də qadınların kamandan oxatma yarışına start verib.

İdman.biz xəbər verir ki, sıralama turunda mübarizənin 3/4-ü arxada qalıb.

İdmançılar 72 oxdan 54-nü atıblar. Yaylagül Ramazanova 480 xalla 45-ci pillədə qərarlaşıb.

O, üç dəfə hədəfin mərkəzinə düşüb. Yaylagülün 15 oxu da 10 xal gətirib.

Qeyd edək ki, idmançımız daha 18 dəfə hədəf önünə keçəcək.

***

09:25

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

İdman.biz xəbər verir ki, ilk idmançımız Olimpiadaya bu gün start verəcək.

Bu, kamandan oxatma yarışında gerçəkləşəcək. İyulun 26-da baş tutacaq açılış mərasimindən bir gün əvvəl hədəf önünə keçəcək Yaylagül Ramazanova sıralama turunda mübarizə aparacaq.

Yarış Bakı vaxtı ilə saat 11:30-da start götürəcək. Yaylagül mübarizəyə 30-cu cütdə başlayacaq. O, Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Təmsilçimiz B zolağından hədəfi nişan alacaq.

Sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. İdmançılar sıralamadakı yerinə əsasən 1-ci 64-cü, 2-ci 63-cü, 3-cü 62-ci ardıcıllığı ilə cütlər təşkil edəcək.

Qeyd edək ki, Ramazanova Olimpiadalar tarixinə ikinci Azərbaycan oxatanı kimi düşəcək. Rio-2016-da Olqa Senyuk sıralama turunda 623 xalla 37-ci yeri tutub. O, 1/32 finalda çinli Çao Huiyə 1:7 hesabı ilə uduzub.

İdman.biz