Paris-2024 Yay Olimpiya Oyunlarına açılışdan öncəki günlərin erkən yarışlarıyla artıq start verilib. Avqustun 11-dək planetin ən yaxşı 10500 idmançısı Olimpiadada medallar uğrunda mübarizə aparacaq. Onların sırasında 48 Azərbaycan idmançısı var. Olimpiyaçılarımızın 6-sının qismətinə ad günlərini Fransa paytaxtında qeyd etmək düşüb.
İdman.biz nəzərinizə Parisdə doğum günlərini keçirəcək idmançılar haqqında məlumatı çatdırır.
2024-cü ilin olimpiya şəhərində ad gününü qeyd edəcək ilk idmançımız güllə atıcısı Ruslan Lunyovdur. 3-cü olimpiadasında özünü sınayacaq atıcımız bu gün 35 yaşını tamamlayır. Yubilyar 2 gün sonra 10 metr məsafədən pnevmatik tapançadan atəş açma yarışına çıxacaq.
İyulun 27-də dünya və dördqat Avropa çempionu Hidayət Heydərovun doğum günüdür. Cüdoçumuz 1 gün sonra kolleksiyasında hələlik olmayan olimpiya medalları uğrunda mübarizəyə çıxacaq və dünya reytinqində mövqeyinə uyğun “çempion” adının önünə bir “olimpiya” sözünü də artırmaqla 27-ci ad gününə ən gözəl hədiyyəsini bəxş etməyə çalışacaq
Zöhrə Ağamirova ad gününü birbaşa yarış meydanında qeyd edəcək. 2001-ci il avqustun 8-də anadan olan bədii gimnastımız 23-cü ad günündə təsnifat yarışlarına çıxaraq ertəsi gün keçiriləcək final yarışlarına vəsiqə uğrunda mübarizə aparacaq.
Parisdə ad gününü qeyd edəcək ikinci cüdoçumuz Zelim Kotsoyevdir. Dünya çempionu yarış meydanına avqustun ilk günündə çıxacaq və 8 gün sonra qeyd edəcəyi 26-cı ad gününə möhtəşəm hədiyyəsini qazanmağa çalışacaq.
İki idmançımız isə ad günlərini artıq olimpiada başa çatdıqdan sonra – avqustun 12-də qeyd edəcək. 21 yaşlı badmintonçumuz Keişa Fatimə Zəhra və 29 yaşlı yunan-Roma güləşçimiz Murad Məmmədov üçün “ad günün mübarək” mahnısı artıq təyyarədə oxunacaq.
Vüqar Məmmədov
İdman.biz