Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi 1 gün qalıb. Ölkəmizi bu mötəbər yarışda təmsil edəcək idmançılardan gözləntilər böyükdür.
Azərbaycanın tanınmış simaları İdman.bizin Olimpiadadakı medal sayımız və əsas çempionluq ümidlərimizlə bağlı sorğusunu cavablandırıblar.
Respondentlərin əksəriyyəti güləşçilərimizin Fransa paytaxtında himnimizi səsləndirəcəklərinə inam ifadə ediblər.
Nazim Hüseynov (Olimpiya çempionu): "Bu Olimpiadada idmançılarımızdan 5-6 medal gözləyirəm. Xüsusilə də, güləşçilərimizin qızıl medal qazanacağına inanıram. Əlbəttə, arzu edərdik ki, bütün idmançılarımızın nəticələri yaxşı olsun. Fikrimcə, Paris-2024 başqalarından çox fərqlənəcək.
Güləşçilərimizdən azı iki qızıl gözləyirəm. Boksdan və cüdodan bir qızıl gözləyirəm. Məncə, cüdoda Elcan Hacıyev (90 kq) yaxşı nəticə göstərəcək. Zelim Kotsoyev (100 kq) də medal gətirə bilər. Balabəy Ağayevin (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmək şansı var. Hidayət Heydərovda (73 kq) məni narahat edən Manuel Lombardo və Soiçi Haşimoto ilə görüşdür. Dünya çempionumuz onlarla çətin güləşir. İstənilən halda o, "üçlüy"ə düşə bilər.
Gimnastlardan da uğurlu nəticə gözləyirəm. Ümumiyyətlə, bu Olimpiadada azı beş qızıl medal olacaq. Bütün növlərdən isə 12-13 medal qazanacağımızı düşünürəm".
Arif Əsədov (millinin məşqçisi): "Minimum üç qızıl gözləyirəm. Hacı Əliyevə (65 kq) ümidlər böyükdür. Mariya Stadnik (50 kq), Alfonso Dominqes (92 kq) və Hidayət Heydərov (73 kq) mənim favoritlərimdir. Bütün idmançılarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, gələcəkdə futbol komandamız da Olimpiadada ölkəmizi təmsil edəcək".
Fazil Mustafa (sabiq deputat): "Olimpiadada nəticə gözlənti ilə olmur, bu daha çox situativ məsələdir. Ən qabaqcıl idmançı belə elə situasiya ilə üzləşə bilər ki, uğur qazanmasın. Ona görə də ad çəkməkdə çətinlik çəkirəm. Bu Olimpiadadan gözləntim çox böyük deyil, çünki orada rəqabətin güclü olacağını təxmin edirəm. Güləşdə, cüdoda uğur qazanmağımız mümkündür. Digər idman növlərində də yaxşı nəticələr ola bilər".
İlham Zəkiyev (ikiqat Paralimpiya Oyunları çempionu): "Ümumilikdə 10-a yaxın medal gözləyirəm. Bunlardan ikisinin, bəlkə də üçünün qızıl olacağına ümid edirəm. Əsas gözləntim isə cüdo və güləşdəndir".
Yunis Hüseynov (millinin sabiq futbolçusu): "Bu Olimpiadada idmançılarımızın 5-6 medal qazanacağını düşünürəm. Xüsusilə də, güləşçilərimizdən çempionluq gözləyirəm. Əlbəttə, arzu edərdik ki, bütün idmançılarımızın nəticələri yaxşı olsun".
İlqar Xəyal (müğənni): "Bütün idmançılarımız qələbəyə layiqdirlər. Həyəcanla onların çıxışlarını izləyəcəyik. Azərbaycan təkbətək idman növlərində Olimpiadada özünü göstərə bilib. Ümidvaram ki, bu il digər idman növlərində də uğurlu çıxış edəcəyik".
Zeynəb Məmmədyarova (şahmatçı): "Cüdodan ən az bir qızıl gözləyirəm. Güləşdə də həmçinin. Hidayət Heydərov, Mariya Stadnik və Balabəy Ağayevin uğurlu nəticə göstərəcəyinə inanıram. Gültac (52 kq) da çox fədakar cüdoçudur. Ümid edirəm ki, bu Olimpiadada onun da medalı olacaq".
Aqil Abbas (sabiq deputat): "Konkret ad çəkə bilmərəm. Ancaq inanıram ki, bu il nəticəmiz yaxşı olacaq. İdmançılarımıza uğurlar arzulayıram".
Eldəniz Əzizli (güləşçi): "Güləşdən 7, cüdodan 2, boks və taekvondonun hərəsindən isə bir medal gözləyirəm. Digər idman növləri haqqında nəsə demək çox çətindir. Sözün əsl mənasında öz komandamızın bütün üzvlərindən medal gözləyirəm".
Əfran İsmayılov (veteran futbolçu): "Medal nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki qazanılan hər uğur Azərbaycanın adıdır. Bilirəm ki, idmançılarımız bu yarışa çox ciddi hazırlaşıblar. Hacı Əliyev, Mariya Stadnik, Hidayət Heydərov və Balabəy Ağayevdən medal gözləyirəm. Hidayət neçə önəmli yarışın qalibi olub. Balabəyi isə yaxından tanıdığım üçün bilirəm ki, çox yaxşı hazırlaşıb. İdmançılarımız bu Olimpiadada yaxşı nəticə göstərəcəklərinə ümid edirəm".
Aytac Sahəd
İdman.biz