Paris-2024: Kabo-Verde Azərbaycanın seçimini təkrarlayacaq

Xəbərlər
26 İyul 2024 17:51
413
Paris-2024: Kabo-Verde Azərbaycanın seçimini təkrarlayacaq

Paris-2024-ün bu gün keçiriləcək açılış mərasimində Azərbaycan millisinin bayraqdarı olacaq Məhəmməd Abdullayev bu etimadı qazanan yeganə boksçu deyil.

İdman.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq tədbirdə 11 ölkənin bayrağını 12 dəri əlcək ustası dalğalandıracaq.

Məsələ ondadır ki, bir millinin hər iki bayraqdarı boksçu olacaq. Filippində bu etimad Karlo Paalam və Nesti Patesioya göstərilib.

Daha bir maraqlı məqam isə Azərbaycanla Kabo-Verdeni birləşdirir. Bu ölkəni də açılış mərasimində bizim kimi kişi boksçu ilə xanım cüdoçu təmsil edəcək. Bunlar Daniel Varela de Pina və Djamila Silvadır. Azərbaycanda isə Məhəmmədlə yanaşı, Gültac Məmmədəliyeva bayraqdar funksiyasını yerinə yetirəcək. Azərbaycan paradda 16-cı, Kabo-Verde 38-ci keçəcək.

Açılış mərasimində ilk boksçu Sindi Nqamba olacaq. Xanım idmançı paraddan ikinci keçəcək Qaçqınların Olimpiya Komandasının üzvü kimi Olimpiadanın bayrağını daşıyacaq.

Boksçu bayraqdarlar siyahısında məşhur simalar da var. Tokio-2020-nin qalibi, ikiqat dünya çempionu Busenaz Sürmeneli Türkiyənin, dünya və ikiqat Avropa qızılının sahibi Stanimira Petrova Bolqarıstanın önündə gedəcək. Qazaxıstan və Özbəkistan bayraqları ötən ilin dünya çempionları Aslanbek Şimbergenovla Abdumalik Xalokova həvalə olunub.

Qeyd edək ki, Olimpiada avqustun 11-dək davam edəcək.

İdman.biz