Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Xəbərlər
27 İyul 2024 01:26
763
Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda Sena çayının sahilində təşkil olunub.

Açılış mərasimini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da tribunadan izləyiblər.

Rəsmi və bədii hissələrin bir-birini əvəz etməsi açılışın əsas özəyi olub. Əfsanəvi futbolçu Zinədin Zidanın iştirakı ilə Olimpiya məşəli 3 uşaqdan ibarət qrupun köməyi ilə Sena çayında qayıqda gözləyən, amma bilinməyən qəhrəmana çatdırılıb. Təşkilatçılar son anadək məşəli alovlandıracaq şəxsi gizli saxlamaq qərarına veriblər.

Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Bax və Fransa preizdenti Emmanuel Makronun tamaşaçıları salamlamasından sonra açılış mərasiminə start verilib.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb. İlk olaraq Olimpiadanın yaradıcıları hesab olunan Yunanıstan fəxri kürsünün önündən keçib.

Parisdə səhnədə yer alan ilk sənət nümayəndəsi Ledi Qaqa olub. O, “Mulen Ruj” tarixi rəqs qrupunun iştirakı ilə klassik Fransa kabaresindən mahnı səsləndirib. Fransanın müasir musiqi ulduzu Ayya Nakamura İncəsənət Körpüsündə çıxış edib. Onu respublika qvardiyasının orkestri müşayiət edib.

XXXIII Yay Olimpiya Oyunları gender bərabərliyi ilə əvvəlkilərdən fərqlənir. Fransanın inkişafında tarixi imza atan qadınlara həsr olunmuş səhnə nümayiş etdirilib. 10 tarixi şəxsiyyətin heykəli tamaşaçılara təqdim olunub.

Parisin dünyanın moda paytaxtı olması da unudulmayıb. Təşkilatçılar xüsusi qurulmuş səhnədə rəngarəng geyimlərin nümayişini təqdim edib.

Olimpiya bayrağının dalğalanmasından sonra yarışın Təşkilat Komitəsinin sədri Toni Estanqe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək, idmançılara uğurlar arzulayıblar.

Sonra Olimpiya məşələnin alovlandırılması prosesinə start verilib. Dünyanın və Fransanın tanınmış idmançılarının məşəli daşımasından sonra atlet Joze-Mari Perek və cüdoçu Teddi Rinerin iştirakı ilə alovlanan hava şarı Paris səmalarında dövrə vurub.

Selin Dionun "Hymne a l'amour" ("Sevgi himni") sədaları altında Olimpiadanın açılış mərasiminə yekun vurulub.

Paris-2024-ə 48 idmançı ilə yollanan Azərbaycan millisi də paradda iştirak edib. Yığmamız tamaşaçılar önündən 16-cı keçib. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olub.

Qeyd edək ki, Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

-----------

21:30

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

İdman.biz xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda təşkil olunub.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb.

Tədbiri 300 mindən çox tamaşaçı izləyir. Bütün dünyaya yayımlanan mərasimə giriş əsasən sərbəst olduğu üçün Fransa paytaxtının sakinləri və qonaqları möhtəşəm mərasimə canlı şahidlik edir.

Rəsmi və bədii hissələrdən ibarət açılışın əsas özəyi idmançıların paradı olacaq. Tarixə ən irimiqyaslı açılış mərasimi kimi düşən tədbirdə parad da fərqli olacaq. İdmançılar Sena çayı ilə qayıqlarda şərqdən qərbə təxminən 6 km məsafə qət edəcəklər. Böyük heyətə malik yığmalar bir deyil, iki qayığa yerləşdiriləcək.

Paris-2024-ə 48 idmançı ilə yollanan Azərbaycan millisi də paradda iştirak edəcək. Yığmamız tamaşaçılar önündən 16-cı keçəcək. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Qeyd edək ki, Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

İdman.biz