Millimizin baş məşqçisi badmintonçumuzun çıxışını dəyərləndirib

Xəbərlər
27 İyul 2024 12:21
566
Millimizin baş məşqçisi badmintonçumuzun çıxışını dəyərləndirib

“Fatimə Zəhra Keişa ilk oyunu çinli Bing Jiao Heyə qarşı oldu. Bu idmançı 2018-ci və 2021-ci illərdə dünya çempionu titulunu qazanıb”.

İdman.biz xəbər verir ki, bunu badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Paris-2024 Yay Olimpiya Oyunlarında Keişa Fatimə Zəhranın ilk matçı ilə bağlı danışarkən deyib.

O bildirib ki, çinli Bing Jiao Henin idmançımızla müqayisədə təcrübəsi çoxdur: “O, bura da qızıl medal qazanmaq üçün gəlib. 27 yaşındadır və Olimpiya təcrübəsi var. Fatimə Zəhra Keişa ilə yarışlara hazırlaşarkən məhz bu idmançını analiz edirdik və onun zəif olmamağı hədəfləmişdik. Fikrimcə, ilk görüşdə Keişa buna 85 faiz nail oldu. Hər şey yaxşı keçdi. Amma bu zalda olmaq və Olimpiadada çıxış etmək böyük həyəcanverici bir hissdir. Birinci hissədə 9 xalı özü ona verdi. Amma ikinci hissədə yaxşı oldu. Rəqib də ikinciyə daha güclü başladı. Birinci tur başa çatdı. Qarşıya baxmalıyıq və digər rəqiblərlə oyunumuza hazırlaşmalıyıq. Ayın 29-da yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.

Validarvi digər badmintonçumuz Edi Reski Dviçayonun da şanslarını dəyərləndirib: “Edinin təcrübəsi Keişadan yaxşıdır. Onun Olimpiya təcrübəsi də var. Uğur qazanmaq üçün çox istəklidir. Keişa üçün isə bu bir yenilik idi və həyəcan ona təsir etdi. Edi bu yarışlara hazırdır. Dünən də onunla danışarkən bütün qarşılaşmaları qazanmaq gücünə malik olduğunu dedi. İnanıram ki, ayın 29-da Azərbaycan badmintonu üçün xoş xəbər verərik. Amma bura gəlmək belə böyük bir nəticədir. Bu idman növü üzrə Paris-2024 Yay Olimpiya Oyunlarında 19 yaşlı idmançı 3 nəfərdir. Onlardan da biri Keişa Fatimədir”.

Qeyd edək ki, Edi Oyunlarda ilk görüşünə iyulun 29-da çıxacaq. Fatimənin də ikinci görüşü eyni günə təsadüf edəcək.

İdman.biz