Fərhad Əliyev: “Bu, Diana üçün böyük üstünlükdür” - MÜSAHİBƏ

Müsahibə
27 İyul 2024 13:53
507
Fərhad Əliyev: “Bu, Diana üçün böyük üstünlükdür” - MÜSAHİBƏ

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarındakı ilk çıxışından müsahibə verib.

İdman.biz xəbər verir ki, o, təmsilçimizin ilk uğurlu sınağını dəyərləndirib.

- Diana Olimpiada təsnifat mərhələsində ağır bir mübarizədən sonra ilk 3-lükdə yer aldı. Onun çıxışı barədə nə deyə bilərsiz? Qarşıdakı 1/4 finaldan gözləntiləriniz nələrdir?

- ⁠Əlbəttə, təbrik edirəm. Burada çox güclü idmançılar var idi. Hansı ki, onlar alman və bolqarıstanlı idi. Diananın özü “üçlüy”ə daxil oldu. O, buna çalışırdı. Çünki alınmasaydı, vəziyyət daha da çətinləşəcəkdi. Birbaşa 1/4 finala yüksəldiyi üçün iki gün istirahət edəcək. Bu, idmançı üçün böyük üstünlükdür. Digərləri isə hələ start xəttinə çıxacaqlar. Biz iyulun 30-da kimlə yarışacağını hələ bilmirik, bu, dəqiqləşməyib. Günün sonunda buna aydınlıq gələcək.

- İdmançımızın üzərinə böyük yük düşüb. Çünki avarçəkmə üzrə yeganə təmsilçi odur. Yarış bitəndən sonra yəqin ki, onunla söhbət etdiz. Emosiyaları necə idi? Mübarizəsi barədə nələr söylədi?

- İdmançı və federasiya üçün üç il ərzində bu cür iş görmək çox çətin idi. Amma biz bunun öhdəsindən gəldik. İnanıram ki, bu mərhələdə də yaxşı nəticə göstərə biləcək. Bu günkü nəticə bizim üçün önəmli idi. Yarış yerinə gəlib və qayıtmaq da çətindir. İdmançı üçün logistika baxımından problem yaşansa da, bu məsələləri komanda olaraq həll etdik və nəticə var. Bu gün digər idman növlərində də idmançılarımız öz güclərini sınayırlar. Onların da hər birinə uğurlar arzulayıram.

İdman.biz