Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandasının idmançısı Güllü Ağalarzadə federasiyanın mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, bu idman növünə gəlişi, keçdiyi yol və hədəflərindən danışıb.
- Sənin üçün gimnastika nə deməkdir?
- Gimnastika mənim üçün fərqlilik deməkdir. Gimnastika məni tamamlayan idman növüdür. Bundan da əlavə, həyat tərzimdir. Gimnastikanın özü bir incəsənətdir.
- Gimnastikanın sizə öyrətdiyi ən dəyərli dərs hansıdır?
- Bir çox dərs olub. Çətin vəziyyətlərdə mübarizə aparmağı öyrədib. İstər yarışlar, istərsə də məşqlərdə sonuna qədər mübarizə aparmağı öyrədib. Mənə elə gəlir ki, bu dərslərin hamısı gələcək həyatımda da mənə lazım olacaq.
- Karyeranda təslim olmaq istədiyin, lakin sonradan davam etmək üçün güc tapdığın bir anı paylaşa bilərsən?
- Əslində olub. Keçən il Valensiyada keçirilən sonuncu dünya çempionatında o qədər də uğurlu çıxış etmək alınmamışdı. Mundialdan sonra bir necə ay depressiya yaşadım. Psixoloji tərəfdən düşmüşdüm, təslim olmağa hazır idim. Sonra güc toplayıb, məqsədimi yada salıb özümü yenidən toparladım və çalışdım ki, daha da yaxşı məşqlər edim.
- Paris-2024-ə vəsiqə qazandığını anladığın an hansı hissləri keçirdin?
- Bu hissləri sözlə ifadə etmək çətindir. Biz əvvəlcə 5 halqa ilə kompozisiyada çıxış etdik, sonra isə ikinci kompozisiyımızı çıxış etdik və bunları texniki cəhətdən səhvsiz etdik. Artıq 3 lent və 2 top kompozisiyamızda çıxış etdikdən sonra hələ nəticələri bilməmişdən artıq belə bir hiss var idi ki, biz bunu bacardıq. Əlimizdən gələni göstərməyə çalışdıq. Ürəkdən inanırdıq ki, bu lisenziya bizim olacaq. Elə də alındı. Bu lisenziya çox böyük yol idi. Addım-addım bu lisenziya üstündə çalışmışdıq. Son şans idi. Axırıncı lisenziya bizim olduğu üçün çox sevinirik.
- Növbəti nəsil gimnastları necə ruhlandırmağa və həvəsləndirməyə ümid edirsən?
- Ən vacibi öz üzərlərində çox çalışmalıdırlar. İstedad 1 faizdirsə, zəhmətkeşlik 99 faizi təşkil edir. Öz üzərilərində çalışsınlar. Bu idman növü ilə sevgi ilə məşğul olmaq lazımdır. Sevgi ilə məşğul olsalar onlarda hər şey alınacaq.
- Gimnastika dünyasında hər hansı bir miras qoymaq istərdin?
- Komandamız bir neçə il ərzində çox tarix yazdı. Mənə elə gəlir ki, bunun özü bir mirasdır. İstərdim ki, karyeramı bitirəndən sonra məni fərqli bir idmançı kimi yadda saxlasınlar.
İdman.biz