Paris-2024: Azərbaycan idmançısı dünya rekordçusu ilə mübarizədə

Xəbərlər
28 İyul 2024 16:24
2 520
Paris-2024: Azərbaycan idmançısı dünya rekordçusu ilə mübarizədə

Azərbaycan üzgüçüsü Ramil Vəlizadənin Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulu ilə üzəcək idmançımız təsnifat mərhələsində 1-ci qrupda yer alıb.

“Paris La Defense Arena”da təşkil olunacaq mərhələ iyulun 30-da keçiriləcək. Mübarizəyə Bakı vaxtı ilə 13:00-da start veriləcək. Vəlizadənin yer aldığı 1-ci qrup da həmin vaxt sürətini yoxlayacaq.

Dörd üzgüçünün yer aldığı qrupda Ramilin rəqibləri Matin Balsini (Qaçqınların Olimpiya Komandası), Petar Petrov Mitsin (Bolqarıstan) və Gerald Ernandes (Nikaraqua) olacaq. Ramil 5-ci zolaqda üzəcək.

Amma onun rəqibləri təkcə bu üç idmançı deyil. Digər üç qrupun hərəsində 8 üzgüçü çıxış edəcək. 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə favorit olan Kşiştof Milak 3-cü qrupda 4-cü zolaqda çıxış edəcək. Bu məsafədə olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu olan 24 yaşlı macar həm planetin, həm də qitənin rekordçusudur.

İdman.biz