Paris-2024: Tarixin ən bərbad Olimpiadasında səriştəsizlik nümunəsi

Xəbərlər
29 İyul 2024 14:03
1 055
Paris-2024: Tarixin ən bərbad Olimpiadasında səriştəsizlik nümunəsi

Paris-2024 başladığı gündən tarixin ən bərbad Olimpiadası statusuna iddia edir.

İdman.biz xəbər verir ki, Fransa paytaxtında xoşagəlməz hadisələr bir-birini əvəzləyir.

Kişi həndbolçulardan ibarət Danimarka millisi də təşkilatçıların bərbad işinin “qurban”ına çevrilib. Şimallılar Fransada olduqları qısa müddətdə iki dəfə azıblar.

Buna sürücünün səriştəsizliyi səbəb olub. Avtobus düzgün marşrutla hərəkət etmədiyi üçün komanda bir dəfə məşqə gecikib. Bir dəfə isə məskunlaşdıqları məkana yubanıblar.

Baş məşqçi Nikolay Yakobsen sürücünün eyni yolu dəfələrlə fırlanmasına qəzəbini saxlaya bilməyib: “Hamımız səhv edə bilərik. Lakin eyni yolu üç dəfə gedəndə, deməli nə isə düz deyil. Düzünü deyim ki, artıq səbrimiz çox qalmayıb”.

Qeyd edək ki, Danimarka Olimpiadadakı ilk oyununda Fransanı 37:29 hesabı ilə darmadağın edib.

İdman.biz