Anna Başta: “Möhtəşəm planlar hələ irəlidədir” - MÜSAHİBƏ

Müsahibə
29 İyul 2024 17:07
949
Anna Başta: “Möhtəşəm planlar hələ irəlidədir” - MÜSAHİBƏ

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurduqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, sablyaçımız 1/16 final səddini adlaması və 1/8 finalda büdrəməsinə münasibət bildirib.

- Paris-2024-də çıxışınızı başa vurduz. Keçirdiyiniz iki qarşılaşmada nələr alındı, nələr alınmadı?

- Olimpiya çempionu olmaq alınmadı. Los-Anceles-2028-ə ümid edəcəm. Alınmağa gəlincə, yaxşı çıxış etdim. 1/16 finalı keçəcəyimi gözləmirdim. Güclü Çin sablyaçısını məğlub etdim. O, reytinqdə məndən iki dəfə yüksəkdə idi. Ciddi zədədən sonra qayıtmışdım. Görüş zamanı bir neçə dəfə ayağımda ağrılar oldu. Növbəti qarşılaşmada da bunu hiss etdim. Müəyyən səhvlərim də oldu. Bir ayaqla uzağa getmək mümkün deyil. Mən bunu bacardım. Əsas odur ki, birinci mərhələni keçdim. Ciddi qarşılaşma idi, yaxşı motivasiyalı idim. Hər bir idmançı Olimpiadaya qızıl üçün yollanır. Amma məndə zədə üzündən vəziyyət fərqli idi. Yarışa qatıldım, Olimpiya emosiyalarını hiss etdim. İndi zədəmi müalicə etdirəcəm və yenidən dönəcəm.

- Ötən Olimpiada ilə müqayisə etsək, lisenziyanı da sonda qazandığınızı nəzərə alsaq, bu dəfə çətin olduğunu söyləyə bilərik?

- İki Olimpiadanı müqayisə etmək mümkün deyil. Tokio-2020 və Paris-2024 fərqlidir. Həmin vaxt hər şeydən qorxurdum, çəkinirdim. Burada vəziyyət başqadır. Yaponiyada liderlərdən çox uzaqda, reytinqin aşağı sıralarında idim. Buna baxmayaraq, yaxşı çıxış edə bilmişdim. Bu dəfə isə son üç turnirə qatıla bilmədiyim üçün reytinqdə xeyli geriləmişdim. Bu səbəbdən də mənə güclü rəqib düşmüşdü. Prinsipcə, lisenziya qazandığım üçün şadam. Bunu güc qazanmağımın təsiri yox idi. Mənim üçün prioritet zədəli ayağımı qorumaq idi ki, durum daha da ağırlaşmasın. Çünki böyük, möhtəşəm planlar hələ irəlidədir.

- 1/8 finalda məğlub olduğunuz ukraynalı rəqibiniz Olqa Xarlanla münasibətiniz necədir?

- Aramız yaxşıdır. Bir-birimizin ən yaxşı dostuyuq deyə bilmərəm, amma əvvəldən tanışıq. Münasibətimiz də yaxşıdır. Hətta qucaqlaşdıq. Həmişə bir-birimizə dəstək olduq, ona olimpiya oyunlarında qızıl medal arzulayıram. Həqiqətən də ən yaxşı idmançılardan biridir.

İdman.biz