“Anna Baştanın ilk görüşdə çinli idmançı üzərində böyük məsuliyyət var idi”.
Bunu İdman.bizə qılıncoynatmanın sablya növü üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Elxan Məmmədov deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan qılıncoynadanı Anna Baştanın çıxışını şərh edib. Mütəxəssis bildirib ki, 1/16 finalda çinli Yanq Henqyunu (15:9) inamlı taktika sayəsində məğlub edib: “Rəqib dünya reytinqində ondan xeyli yuxarıda idi. Bu hal ilk görüş olduğu üçün vəziyyəti çətinləşdirirdi. Lakin Anna startda üstünlük əldə edərək sona kimi onu qorudu”.
Məmmədov sablyaçımızın 1/8 finalda ukraynalı Olqa Xarlana (6:15) məğlubiyyətinin də səbəbini açıqlayıb: “Annanın çinli idmançı ilə görüşündə qurduğu taktika bu dəfə özünü doğrultmadı. Xarlan bu gedişata hazır idi. Baştanın bütün hücum cəhdlərinin qarşısını aldı. Ona qarşı döyüş üslubu nümayiş etdirmək lazım idi. Anna çox emosional idi. Onun hərəkətlərindən hər şey bəlli idi. Xarlan isə təmsilçimizlə müqayisədə daha soyuqqanlı və döyüşə fokuslanmış görünürdü”.
Qeyd edək ki, Başta Olimpiadada yeganə qılıncoynadanımız olub.
Banuçiçək Hüseynli
İdman.biz