Hidayət Heydərov: “Həmişə qalib gələcəyik, qalib xalqın övladlarıyıq”

Müsahibə
29 İyul 2024 21:03
1 099
Hidayət Heydərov: “Həmişə qalib gələcəyik, qalib xalqın övladlarıyıq”

"Qarşıdan Los-Anceles-2028 gəlir. Orda da bacardığım qədər bütün titulları götürəcəyəm".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında 73 kq çəkidə çempion titulunu qazanan idmançımız uğuruna şərh verib: "Bütün Azərbaycan xalqına "sağ ol" deyirəm. Yarımfinala da, finala da çıxanda bütün səhifələrdə şərhləri oxumuşam. İstədiyim 2-3 nəfər burda idi, ailəm də evdən baxırdı. Onları da gördüm, paylaşmışdılar. Onların da hamısını öpürəm. Biz həmişə qalib gələcəyik. Çünki qalib xalqın övladlarıyıq. Yaşasın Azərbaycan!".

Hidayət Fransa paytaxtında yerli idmançı ilə final qarşılaşmasındakı qələbəsindən də danışıb: "Fransalı rəqibə zalda daha böyük dəstək var idi. Onlar qışqırdıqca, mən də rəqibə qışqırırdım, onu elə qorxudurdum. Fransada himni səsləndirəcəm. Bir dəfə Monpelyedə Avropa çempionu olmuşam. Çox gözəl şərhlər yazmışdılar. İndi fransalılar yenə Azərbaycan himnini ayaq üstə dinləməli olacaqlar".

Qeyd edək ki, Hidayət finalda fransalı Joan Benjamen Qabanı qızıl xalla məğlub edib.

İdman.biz