Orxan Səfərov Hidayət Heydərova verdiyi məsləhəti açıqlayıb - VİDEO

Xəbərlər
30 İyul 2024 14:55
668
Orxan Səfərov Hidayət Heydərova verdiyi məsləhəti açıqlayıb - VİDEO

“Çox xoşbəxtəm ki, bizimlə bir yerdə güləşən insan Olimpiya Oyunlarında qızıl medal qazandı”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq cüdoçusu Orxan Səfərov deyib.

İlin idman səfiri Hidayət Heydərovun Paris-2024-də qazandığı qızıl medalı şərh edib. O bildirib ki, finaldakı rəqib Joan-Benjamin Qaba öz imkanlarından daha üst səviyyədə güləşib: “Hidayətlə səhər görüntülü danışdıq. Mənə Olimpiya medalını da göstərdi. Hələ özü də inanmır. Ona Parisdə “hər şeyə hazır olmasını” demişdim. O yarışdan sonra dedi ki, sənin niyə belə dediyini başa düşdüm. 5-6 dəfə döyüşdüyüm, qalib gəldiyim idmançılara qarşı Olimpiadada mübarizədə çox çətinliklər çəkdim. Halal olsun ki, sona qədər dözdü. Hər bir döyüşə diqqətlə, qətiyyətlə yanaşdı və qalib oldu. Hidayətin güləş tərzi dözümlülük üstündə dayanıb. Ondan da əlavə texniki-taktiki tutuşlarla güləşi daha maraqlı edir. Heydərov buna hazır idi. Fransızın günü idi. Bəlkə o bir daha belə güləşməyəcək. Bundan sonra 10 dəfə qarşılaşsalar da, Hidayət hər birində onu ipponla məğlub edəcək. Amma dünən ona olan dəstək, yerli publika önündə güləşməyi stimul vermişdi. Hiss edirdi ki, hər şeyi bacaracaq. Heydərov onu susdurdu. Onunla söhbətimiz zamanı deyirdi ki, görüş gedə-gedə rəqibin cüdokasının arxasında qızıla icazə verməyəcəyimi düşünürdüm. Onun adını qızıl yazıyla görsəm ürəyim partlayar. Cüdoda Olimpiya çempionlarının adı və ölkəsi 4 il ərzində qızıl hərflərlə yazılır. Heydərov da rəqibin bəxtini sındırıb qalib gəldi”.

Səfərov bu qələbə ilə Hidayətin çəkisinin ən güclüsü olduğunu da sübuta yetirdiyin deyib: “Hidayət nəinki Azərbaycan cüdo tarixinin, idmanımızın ən güclülərindən biridir. Onun 4 Avropa, 4 də dünya medalı var. Olimpiya medalını saysaq, dediyimizi görərik. Bu günə kimi görməmişdim ki, idmançı 1 il ərzində hər bir yarışda qalib olsun. Atletlər il ərzində maksimum 2 dəfə pik nöqtədə olurlar. Amma bunu 3 dəfə etmək onun nə qədər formada olmasının göstəricisidir. Olimpiya öncəsi dünya çempionu tituluna yiyələnmək artıq hamının diqqətini üzərinə çəkmək deməkdir. Güləşini də əzbərləyirlər. Ardınca Olimpiya çempionu olmaq isə cüdo tarixində yoxdur. Rahatlıqla deyə bilərik ki, Hidayət Heydərov dünyanın ən güclü cüdoçusudur”.

Qeyd edək ki, cüdoçumuz Heydərov Fransada Azərbaycanın ilk medalını qazanıb.

Emin Ağa
İdman.biz