“Birinci gün sürpriz Almaniyanın ABŞ-ı udması oldu. Fransa ilə Çinin matçı da maraqlı oldu. Avstraliya gözlədiyimdən zəif çıxış etdi”.
Bunu İdman.bizə kişilərdən ibarət 3x3 basketbol üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev deyib.
O, qadınlardan ibarət 3x3 yığmamızın Paris-2024-də İspaniyaya 16:18 hesabı ilə məğlub olduğu oyunu şərh edib. Həmzəyev bildirib ki, rəqib basketbolçularımızı yaxşı analiz edib: “Onlar Mersedes Uolkerə qarşı oynayan basketbolçuya topu verirdilər və o təkbətəkdə çox rahat təmsilçimizi keçirdi. Əslində, Uolker üstün tərəfimizdir. O iri cüssəli olduğu üçün səbət altında çox yaxşıdır. Amma Mersedesdən istifadə edə bilmədik. Komanda yoldaşları onu topla təmin edə bilmirdilər. Dina Ulyanova və Aleksandra Mollenhauerin zədələndiyi bəlli idi. Məncə, onlar tam bərpa olunmamışdılar. Amma əllərindən gələni etdilər. Komandamız yaxşı mübarizə apardı. Matçın qırılma anı 7:7 hesablı bərabərlikdən sonra sonra oldu. Rəqib fərqi 7 topa yüksəltdi – 14:7. Ardınca status-kvonu bərpa etmək çətinləşdi”.
Həmzəyev bu gün komandamızın ABŞ-la oyunundan gözləntilərini də açıqlayıb: “Yaxşı ki, bu rəqib ilk oyunda uduzdu. Onlar böyük favorit kimi görünürdülər. Amma məğlubiyyətdən sonra o qədər güclü olmadıqları göründü. Məncə, millimiz bundan daha da ümidlənəcək”.
Qeyd edək ki, millimiz Olimpiya Oyunlarının son qalibi ABŞ-la 23:30-da oynayacaq.
Emin Ağa
İdman.biz