"Elcanın fransalı cüdoçu ilə görüşdə hakim səhvi qeydə alınmayıb".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O, Azərbaycan cüdoçusu Elcan Hacıyevin (90 kq) Paris-2024 Olimpiadasında Maksim-Qael Nqayap Hambu (Fransa) ilə görüşündə baş verən hadisələrə aydınlıq gətirib. Rəsullu sosial şəbəkələrdə təmsilçimizin fəndinin hakim tərəfindən qeydə alınmaması ilə bağlı yayılan məlumatlara şərh verib: "Bəzi media orqanlarında və sosial şəbəkələrdə Elcanın hakim haqsızlığı ilə üzləşməsi barədə məlumatlar yayılıb. Qeyd edim ki, cüdoçumuz fəndi işlətməzdən əvvəl hakim "mate" işarəsi vermişdi, yəni görüşü dayandırmışdı. Bu halda hər hansı texniki hərəkət qiymətləndirilmir. Hakimin dayan işarəsi verməsinə səbəb isə rəqib idmançının Hacıyevin geyimindən düzgün olmayan formada tutması idi. Məhz buna görə də fransalı cüdoçu ikinci xəbərdarlıqla cəzalandırılıb. Bu baxımdan hakim tərəfindən hər hansı ədalətsizliklə qarşılaşmamışıq. Texniki cəhətdən hər şey doğru yerinə yetirilib. Xahiş edərdik ki, ictimaiyətimiz bunu nəzərə alsın".
Qeyd edək ki, Elcan Hacıyev 1/8 finalda Nqayap Hambuya uduzaraq, mübarizəni dayandırıb.
İdman.biz