“Hələ bilmirəm, belə demək olar ki, hələ bir az eyforiyadayam. Danışa da bilmirəm”.
Bunu İdman.bizə olimpiya çempionu Zelim Kotsoyev deyib.
100 kq çəkidə Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan cüdoçu yarışdan sonra fikirlərini açıqlayıb: “Çox şadam ki, mənim, məşqçilərimin, federasiyanın, məni dəstəkləyənlərin hamısının, ailəmin əziyyəti bəhrəsini verdi. İki ay əvvəl dünya çempionu oldum, indi Olimpiadada qızıl medal qazandım. Uşaqlıqdan buna doğru gedirdim. Atam ən kiçik yaşlarımdan məni məşqlərə aparırdı, gətirirdi. Bir məşqimi də buraxdığını xatırlamıram. Rejimimi gözləyirdi, çox kömək edirdi. İlk növbədə onu, sonra da məni dəstəkləyənləri sevindirmək istəyirdim”.
Kotsoyev həlledici gündəki motivasiyasına da toxunub: “Bu gün səhər yuxudan oyananda özümü çox yaxşı hiss edirdim. İsinmə hərəkətləri etdikdən sonra görüşdən görüşə köklənirdim. Bugünkü köklənmə həyəcanımı üstələyirdi. Qalib gəlmək istəyim həyəcanımdan güclü idi. Söhbətlərə qulaq asmır, musiqi dinləyir, hər bir görüşə sonuncu kimi köklənirdim”.
Zelim bildirib ki, Hidayət Heydərovun üç gün əvvəl qızıl medal qazanması da əlavə motivasiya olub: “Əlbəttə ki, Hidayətin qələbəsi də təsir etdi. Mənim qardaşım motivatordur. O, bu gün bütün günü məni dəstəkləyib, məşq mərkəzində yanımda olub”.
İdman.biz