"Mən cüdo üçün yaşayıram və bacardığım qədər çıxış etməyə davam edəcəyəm".
İdman.biz xəbər verir ki, bunu Olimpiya çempionu Zelim Kotsoyev mətbuat konfransında deyib.
Azərbaycanlı cüdoçu Parisdəki qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb: "Hələ yuxu kimidir, oyanmağa qorxuram. Mən uşaqlıqdan bu titulu arzulayırdım və nəhayət ki, buna nail oldum".
Kotsoyev bildirib ki, qazandığı uğurları davam etdirmək niyyətindədir. "Keçən il Avropa çempionatının qalibi oldum, sonra dünya çempionu tituluna yiyələndim və indi Olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bundan sonra qarşıma hansı hədəfləri qoyacam? Dayanmaq istəmirəm, davam etməliyəm. Bir az dincəlib, zədəmi sağaldacam və yenidən hazırlığa start verəcəm. Tətildə belə məşq etmədən yaşaya bilməyən adamam. Bir həftə keçir və idman zalı üçün darıxmağa başlayıram. Buna görə də hədəflər ən yüksəkdir, qarşıda Los-Anceles Olimpiadası var", - deyə Zelim vurğulayıb.
Qeyd edək ki, Kotsoyev olimpiadanın finalında İlya Sulamanidzeni (Gürcüstan) məğlub edib.
Zəki Feyzullayev
İdman.biz