Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Artıq Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu çıxışını bitirib. Üçüncü Olimpiadasında iştirak edən Uşanqi Kokauri Parisdə 7-ci yeri tutub.
Kişilər
+100 kq
Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib. Kokauri ardınca Martti Puumalayneni (Finlandiya) də mübarizədən kənarlaşdırıb və 1/4 finala yüksəlib. Uşanqi yarımfinala gedən yolda Kim Minconla (Cənubi Koreya) qarşılaşıb. Rəqib qalib gəldiyindən cüdoçumuz təsəlliverici görüşə qatılıb. Endi Qranda (Kuba) ilə güləşən Kokauri məğlub olub və yarışla vidalaşıb.
Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız Paris-2024-ü iki medalla bitirib. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub.
İdman.biz