Elxan Məmmədov: “Həmin saniyələr ömrümdən illəri aldı”

Müsahibə
2 Avqust 2024 13:04
1 788
Elxan Məmmədov: “Həmin saniyələr ömrümdən illəri aldı”

“Cüdoçu kimi olimpiya çempionluğundan başqa bütün medalları qazanmışam”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq cüdoçusu Elxan Məmmədov deyib.

O, müəllimi olduğu Zelim Kotsoyevin (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında çempion olmasını şərh edib. Məmmədovun sözlərinə görə, yetirməsinin bu adı qazanmasında gərgin məşqlərin rolu böyükdür: “Bu uğura çox sevindik. Həqiqətən böyük bir iş gördü. Mən olimpiya çempionu olmasam da, Allah mənə bunu tələbəm vasitəsi ilə qismət etdi. Hər birimiz böyük şərəf hissi keçirdik. Həmin andakı hissləri sözlə ifadə etmək olmur, sadəcə yaşamaq lazımdır”.

Veteran cüdoçu bildirib ki, Zelimin final görüşü çox dramatik alınıb: “Sona 25 saniyə qalmış rəqib vaz-ari ilə öndə idi. Lakin axırıncı 8 saniyədə İlya Sulamanidzeyə şidonun verilməsi böyük bir möcüzə oldu. Rəqibin elə səhvi - yerə atılması inanılmaz bir şey idi. Zelimin onun üzərinə “şığıması” gürcü idmançını həyəcanlandırmışdı. Həmin saniyələr ömrümdən bəlkə uzun illəri aldı. Əsas odur ki, sonda hər şey yaxşı bitdi. Məndən fərqli, Zelim çempion olacağına inanmırdı. Qızıl medalı da qazanandan sonra gəlib məni qucaqlayaraq dedi ki, siz mənə inanırdız. Daim bunu ona mən bildirirdim. Şükürlər olsun ki, istəyimizə çatdıq”.

Qeyd edək ki, Azərbaycan cüdoçusu finalda İlya Sulamanidzeyə (Gürcüstan) qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz