Azərbaycan gimnastı: “Artıq tarix yazılıb”

Müsahibə
2 Avqust 2024 16:04
4 535
Azərbaycan gimnastı: “Artıq tarix yazılıb”

“Məni izlədiyi üçün xalqıma təşəkkür edirəm. Ailə üzvlərimə, dostlarıma, yaxınlarıma, hamısına dəstək olduqları üçün “sağ ol” deyirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin batut gimnastı Selcan Maqsudova deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni başa vuran təmsilçimiz təsnifat mərhələsindəki çıxışını qiymətləndirib: “Bu, mənim ilk Olimpiadamdır. Azərbaycan üçün batut gimnastikası tarixində ilk olimpiya lisenziyası idi. Artıq tarix yazılıb. Baxmayaraq ki, çıxışımdan çox da razı qalmadım. İnanıram ki, növbəti Olimpiya Oyunlarına – Los-Ancelesə lisenziya qazana biləcəm və orada bundan daha yaxşı çıxış edəcəm”.

İlk cəhdi istədiyi kimi alınmayan idmançımız ikinci çıxışının daha yaxşı olmasına da aydınlıq gətirib: “İlk çıxışımda yəqin ki, həyəcan var idi. Amma davam edə bilərdim. Bilmirəm nə isə oldu ki, dayandım, gedə bilmədim. Amma sevinirəm ki, ikinci çıxışımı sona çatdırdım. Bizim növdə hər iki çıxışda yıxılmaq bərbad nəticədir. Özü də Olimpiya Oyunlarında. Ona görə də toparlandım, ikinci çıxışımı sona çatdırdım ki, ölkəmi layiqincə təmsil edim”.

Qeyd edək ki, Selcan Olimpiadanı 10-cu yerdə başa vurub.

İdman.biz