Olimpiya çempionlarımız Vətənə qayıdıb - FOTO - VİDEO

Xəbərlər
4 Avqust 2024 05:57
1 041
Olimpiya çempionlarımız Vətənə qayıdıb - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımız Vətənə qayıdıblar.

İdman.biz xəbər verir ki, Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevi (100 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, azarkeşlər və ailə üzvləri qarşılayıblar.

Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən qoşulan Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, 1/4 finalda kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Yarışa 1/8 final mərhələsindən start verən Zelim Kotsoyev birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını 1/4 finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kq) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.

Banuçiçək Hüseynli
İdman.biz