Laloviç İdman.bizin müxbirinə: “Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq”

Xəbərlər
5 Avqust 2024 16:57
756
Laloviç İdman.bizin müxbirinə: “Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq”

“Mariya Stadnik əsl güləş əfsanəsidir. Ümid edirəm ki, o, yenidən Olimpiadada uğurla çıxış edəcək”.

Bunu İdman.bizin müxbirinin sualını cavablandıran Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarının startı ərəfəsində keçirilən mətbuat konfransına qatılan funksioner Azərbaycan idmançısı Mariya Stadnikin həmişə sabit çıxışı ilə seçildiyini vurğulayıb: “Mariya Oyunlarda iki gümüş medal qazanaraq inanılmaz nəticə əldə edib. Onun yüksək səviyyədə çıxışını davam etdirməsi çox xoşdur. Biz hamımız Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq”.

O, Olimpiadadakı iştirakçı ölkələrin sayına da toxunub: “Yay Oyunlarında 64 ölkədən güləşçilər iştirak edəcək. Təsnifat turnirləri kifayət qədər çətin keçdi. İdmançıların şanslarından yararlanması üçün bir neçə yarış baş tutdu. Düşünürəm ki, maraqlı mübarizənin şahidi olacağıq”.

UWW rəhbəri Tokio və Paris Olimpiadalarının atmosferini də müqayisə edib: “Azarkeşlərin arenalara qayıtması yaxşı haldır. Onlarsız Tokioda çıxış etmək qeyri-adi idi. Maskalar keçmişdə qaldı, koronavirusun fəsadları aradan qaldırıldı. İndi Parisdə əsl idman bayramına baxacağıq”.

O, həmçinin əlavə edib ki, Parisdən sonra qaydalarda dəyişikliklər ola bilər: "Biz hər şeyi düşünəcəyik, izləyəcəyik və təhlil edəcəyik".

Zəki Feyzullayev, Paris
İdman.biz