Zelim Kotsoyev: “Hidayətlə planlarımız var” - VİDEO

Xəbərlər
5 Avqust 2024 17:41
696
Zelim Kotsoyev: “Hidayətlə planlarımız var” - VİDEO

“Bu gün yuxumu almağa çalışdım”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoyev (100 kq) deyib.

O bildirib ki, artıq yorğunluğu yavaş-yavaş çıxır: “Hardasa 5 saat yatmışam. Yəqin ki, bir həftədən sonra məşqlərə başlayacam. Hazırda reabilitasiya, zədələrin müalicəsi prosesi gedir. Bir həftəyə artıq hər şeyin qaydasında olacağını düşünürəm”.

Olimpiya çempionunun sözlərinə görə, bütün uğurlar, Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq Ümummilli Lider Heydər Əliyev, cənab Prezident İlham Əliyev və şəhidlərimizin sayəsindədir: “Onlara görə biz ən gözəl, rahat şəhərdə yaşayırıq, yatırıq, inkişaf edə bilirik, sevdiyimiz işlə məşğul oluruq. Fikrimcə, onları yad etmək və minnətdar olmaq bizim borcumuzdur”.

Gələcək planları barədə danışan Kotsoyev Hidayət Heydərovla yeni hədəflərini də açıqlayıb: “Planlarımız var. Hələ Parisdə, ardınca Bakıya qayıdanda razılaşdıq ki, bu nəticəni Los-Ancelesdə-2028-də də təkrarlayaq. Bəlkə ondan sonra bir də təkrarlayarıq. Amma hələ ki, əsas məqsəd növbəti Olimpiya Oyunlarıdır”.

Qeyd edək ki, Kotsoyev Paris-2024-ün finalında İlya Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Banuçiçək Hüseynli
İdman.biz