Nurlana Məmmədzadə: “16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək sevindiricidir”

Müsahibə
9 Avqust 2024 17:14
911
Nurlana Məmmədzadə: “16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək sevindiricidir”

“Təsnifat mərhələsi çox gərgin keçdi”.

Bunu İdman.bizə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsində uğurlu çıxış edən Azərbaycan millisinin çıxışını dəyərləndirib. Baş katib bildirib ki, gərgin mübarizə bütün komandalarda hiss olunub: “Çünki bu, Olimpiya Oyunlarıdır, hər ölkə üçün böyük məsuliyyətdir. Dünyanın diqqəti Parisdə cəmlənib. Həqiqətən, təsnifat mərhələsinin gedişatı çox həyəcanverici idi. Bilirik ki, qızlarımız çox istedadlı və əzmkardırlar. Təbii ki, Olimpiadanın məsuliyyəti onlarda hiss olunurdu. Gimnastlarımız sona qədər mübarizə apardılar və hər iki çıxış zamanı çox ciddi səhvə yol vermədən öz proqramlarını yerinə yetirdilər”.

Məmmədzadənin sözlərinə görə, 16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək çəkilən əziyyətin bəhrəsidir: “Olimpiadada qrup hərəkətləri komandamızla ilk dəfə Pekin-2008-də təmsil olunmuşuq və finala vəsiqə qazanmışıq. 16 ildən sonra bu nəticə təkrarlandı və Azərbaycan millisinin yenidən həlledici mərhələdə olması sevindiricidir. Bu, bütün Azərbaycanımızın uğurudur. Nəinki bədii gimnastika, deyərdim ki, gimnastikanın bütün növləri, eləcə də batut gimnastikası üzrə təsnifat mərhələsi final kimi keçdi. Düşünürəm ki, ilk mərhələ belə gərgin keçibsə, final daha çətin olacaq. Bu, idmandır. Hansısa proqnoz vermək çətindir. Komandaların çıxışlarından əvvəl verilən proqnozların çoxu bu dəfə özünü doğrultmadı. Burada şans və idmançıların psixoloji vəziyyəti həlledici rol oynayır. Bütün Azərbaycan təmsilçilərinə, o cümlədən qrup hərəkətləri komandamıza uğurlar arzulayıram. İdmançılarımız çox ciddi hazırlaşıblar və nəyə qadir olduqlarını da ən yaxşı özləri bilirlər”.

Qeyd edək ki, halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayan komandamız iki hərəkətin cəmində 62,000 xalla təsnifat mərhələsini 8-ci pillədə bitirib. Həlledici mərhələ sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz