Parisdə 7-cı, tarixdə 56-cı – TƏHLİL

Təhlil
11 Avqust 2024 14:48
684
Parisdə 7-cı, tarixdə 56-cı – TƏHLİL

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 7-ci medalı qazanıb.

İdman.biz xəbər verir ki, bu uğura Maqomedxan Maqomedov imza atıb.

97 kq çəkidə çıxış edən sərbəst güləşçimiz bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada qalib gəlib. Bu, hesabında 2 qızıl və 2 gümüş olan millimizin 3-cü bürüncü olub.

Bürünc medalların hamısı güləşçilərin hesabındadır. Maqomedxana qədər Həsrət Cəfərov (67 kq) yunan-Roma, Giorgi Meşvildişvili (125 kq) sərbəst güləşdə fərqlənib. Paris-2024-ü bu üç üçüncülüklə bitirən güləşçilərimiz Olimpiadalar tarixində 28 mükafat əldə edib: 4 qızıl, 8 gümüş, 16 bürünc.

Maqomedov sərbəst güləşçilərimizin Parisdə ikinci uğurunun müəllifi olub. Ümumilikdə isə bu növdə Olimpiadalarda 14-cü mükafatı qazanılıb: 3 qızıl, 4 gümüş və 7 bürünc.

Pəhləvanımızın medalı Olimpiadalar tarixinə Azərbaycan idmançılarının əldə etdiyi 57-ci mükafat kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən yığmamız 8-ci Oyunlarında bu rəqəmə çatıb. 9 qızıl və 16 gümüşü olan millimiz 31-ci bürüncü əldə edib.

Qeyd edək ki, Paris-2024-də bunadək cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

Vüqar Xeyrullayev
İdman.biz