“Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında olduqca uğurlu çıxış etdi”.
Bunu İdman.bizə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova deyib.
O, Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib. Azərbaycan Atıcılıq Federasiyasının da vitse-prezidenti olan Meftahətdinova bildirib ki, 2 qızıl, 2 gümüş və 3 bürünc medalı Fransada qazanmaq çox gözəl bir nəticədir: “Bu fakt onu deməyə əsas verir ki, millimiz böyük bir iş gördü. Orada iştirak edən hər bir idmançımızla fəxr edirik. Olimpiadaya yollanan bütün idmançılar istəyir ki, yaxşı çıxış etsinlər. Heyətimizdə çox perspektivli və təcrübəli idmançılarımız var idi. Onların hər biri bu yarışa böyük məsuliyyətlə hazırlaşmışdı. Lakin bu, idmandır. İdmanda hər şey ola bilər. Ona görə hər hansısa səbəbdən alınmaya bilər. Olimpiadaya hər kəs qızıl medallı fokuslayıb gedir”.
Onun sözlərinə görə, bəzi həlledici görüşlərdə idmançıların zədələnməsi onu olduqca məyus edib: “Taekvondoçumuz Qaşım Maqomedovun (58 kq) finalda bu halla üzləşdi. Çünki bu halı yaşanmasaydı, o, qızıl medal qazanacaqdı. İdmanda zədələr çox olur. Bəlkə də belə hallar yaşanmasaydı, medalların sayı artacaqdı. Boksçumuz Alfonso Dominqes (92 kq) qızıla layiq çıxış etdi. Həmçinin cüdoçularımız əzimkar mübarizə ilə bizə qızıl sevincini yaşatdı. Bədii gimnastlarımız da çox gözəl çıxış edərək, yaxşı nəticə qazandılar. Güləşdə Hacı Əliyev (65 kq) və Mariya Stadnikin (50 kq) medalsız qalmasına məyus oldum. Bunlara baxmayaraq, Fransada bayrağımızın yüksəlməsi və dövlət himnimizin səslənməsi möhtəşəm bir haldır”.
Qeyd edək ki, komandamız ümumi medal sıralamasında 30-cu yeri tutaraq Olimpiya tarixində yeni rekorda imza atıb.
Banuçiçək Hüseynli
İdman.biz