Elxan Məmmədov: “Prezidentin mənə dediyi gözəl sözü heç vaxt unutmayacam”

Xəbərlər
14 Avqust 2024 15:19
790
Elxan Məmmədov: “Prezidentin mənə dediyi gözəl sözü heç vaxt unutmayacam”

"Cənab Prezidentlə görüşmək qürurverici bir an idi".

Bunu İdman.bizə cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin şəxsi məşqçisi Elxan Məmmədov deyib.

Azərbaycan millisinin sabiq cüdoçusu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Olimpiadada medal qazanan idmançıları, onların məşqçilərini qəbul etməsinə və “Şöhrət” ordeni ilə təltif olunmasına münasibət bildirib.

Dünya çempionumuzun sözlərinə görə, bu gün onun həyatında ən xoşbəxt günlərdən biridir: “Hər zaman dövlətimizin və xalqımızın adını uca tutmaq üçün əlimdən gələni etmişəm. Cüdoçu kimi də Vətənə yaxşı nəticələr ilə geri dönmüşəm. Bu gün keçirdiyim hissləri sözlərlə ifadə edə bilmərəm. Ölkə başçısına və bütün Azərbaycan xalqına bir daha təşəkkür edirəm”.

Məmmədov bildirib ki, Prezident İlham Əliyevlə görüş zamanı ölkə başçısı idmançılara öz tövsiyələrini verib: “Möhtərəm Prezidentin görüş zamanı mənə dediyi gözəl sözü isə heç vaxt unutmayacam. O mənə bildirdi ki, sən çempionsan və çempionlar yetişdirirsən. Bu söz mənim həyatımdan eşitdiyim ən gözəl sözlərdən biri idi. Bütün bu yaşananlara görə çox qürurluyam”.

Qeyd edək ki, Kotsoyev 100 kq çəki dərəcəsində Paris-2024 Yay Olimpiya Oyunlarının ən güclüsü olub.

Banuçiçək Hüseynli
İdman.biz