Həsrət Cəfərov: “Bunlar karyeramda unudulmaz günlərdir”

Xəbərlər
14 Avqust 2024 16:20
700
Həsrət Cəfərov: “Bunlar karyeramda unudulmaz günlərdir”

“Hər kəs kimi mən də çox sevincliyəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Olimpiadada medal qazanan idmançıları, onların məşqçilərini qəbul etməsinə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasına münasibət bildirib.

Cəfərovun sözlərinə görə, görüş zamanı Prezident İlham Əliyev idmançılara öz tövsiyələrini verərək, karyeralarında uğurlar arzulayıb: “Bu görüş bizim üçün böyük bir stimul oldu. Ölkə başçısının daim idman və idmançılara göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində bizlər bu gün Olimpiadadan uğurlu nəticələrlə geri döndük. Hər bir şeyə görə cənab Prezidentimizə minnətdarıq”.

O, hazırda çox böyük qürur hissi keçirdiyini də vurğulayıb: “Belə bir ordenlə təltif ediləcəyimi gözləmirdim. Bununla bağlı dünən xəbərimiz oldu. Bunlar karyeramda unudulmaz günlərdir. Həmişə dövlətimizin adını ucaltmaq və bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün əlimdən gələni edəcəm”.

Banuçiçək Hüseynli
İdman.biz