Çunq-Von Çou: "İnanıram ki, Bakıda keçirilən ilk dünya çempionatı hamımızın yadındadır"

Xəbərlər
28 Avqust 2024 11:51
1 016
Çunq-Von Çou: "İnanıram ki, Bakıda keçirilən ilk dünya çempionatı hamımızın yadındadır"

“İnanıram ki, 2019-cu ildə Bakıda keçirilən parataekvondo üzrə ilk dünya çempionatını hamınız xatırlayırsınız”.

İdman.biz xəbər verir ki, bunu Dünya Taekvondosunun prezidenti Çunq-Von Çou deyib.

Paris-2024 Paralimpiya Oyunlarının startı ərəfəsində fikirlərini bölüşən qurum rəhbəri 5 il əvvəli xatırlayıb. O qeyd edib ki, həmin il Bakıda keçirilən dünya çempionatına 15 ölkənin komandası gəlib: “Biz onların sayını artırmaq üçün çox iş görmüşük. Parataekvondo üç il əvvəl Tokioda keçirilən Oyunlarda debüt etdi. Yaponiyaya 38 ölkədən idmançılar gəlmişdi. İndi Parisdə keçirilən tədbirimizdə 52 ölkənin nümayəndəsi - ümumilikdə 121 iştirakçı medallar uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, parataekvondo yarışları avqustun 29-31-də baş tutacaq. 10 kateqoriyada mükafatçılar bəlli olacaq. Azərbaycan yığmasını Paralimpiadada Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) təmsil edəcək.

İdman.biz