Paralimpiya çempionumuz: “Şərhlər motivasiya verirdi, inamınızı hiss edirdim”

Xəbərlər
31 Avqust 2024 14:39
484
Paralimpiya çempionumuz: “Şərhlər motivasiya verirdi, inamınızı hiss edirdim”

"Özümlə qürur duyuram, çox sevincliyəm”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi olan parataekvondoçi İmaməddin Xəlilov deyib.

K44 kateqoriyasında 70 kq-da çempion olan təmsilçimiz bildirib ki, bu növdə Azərbaycana ilk qızıl medalı qazandırdığı üçün çox qürurludur: “Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Paralimpiya çempionluğu da qismət oldu. Xalqımıza təşəkkür etmək istəyirəm. Döyüşlərarası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim”.

Onun sözlərinə görə, ən ağır döyüşü yarımfinalda özbəkistanlı idmançıya qarşı olub: “Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi. Bu yolda mənə əməyi keçən Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyasına, Milli Paralimpiya Komitəsinə və “Neftçi” İK-ya təşəkkür etmək istəyirəm. Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində bu gün Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq".

İdman.biz