ATF prezidenti: “Maqomedovdan 2028-ci il Yay Olimpiya Oyunlarında da uğur gözləyirik” - FOTO

Xəbərlər
4 Sentyabr 2024 13:48
244
ATF prezidenti: “Maqomedovdan 2028-ci il Yay Olimpiya Oyunlarında da uğur gözləyirik” - FOTO

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Qaşim Maqomedovu (58 kq) qəbul edib.

İdman.biz xəbər verir ki, ATF rəhbəri ölkəmizi Fransa paytaxtında uğurla təmsil etdiyi üçün taekvondoçunu təbrik edib və yeni uğurlar arzulayıb.

O, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın digər sahələrində olduğu kimi, taekvondonun da geniş populyarlıq qazandığını vurğulayıb. Kəmaləddin Heydərov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğur qazanan idmançılarımızı xüsusi təbrik etməsi onları yüksək nəticələr göstərmələri üçün daha da həvəsləndirir.

Federasiya prezidenti Qaşim Maqomedovun Olimpiadadakı çıxışını yüksək qiymətləndirərək, finaladək inamla irəlilədiyini, həlledici görüşdə zədəli halda belə dayanqdan çəkilmədiyini, əzmkarlıq nümayiş etdirdiyini deyib. O, finalda zədə problemi yaşanmayacağı halda taekvondoçunun Olimpiya çempionu olacağına da inam ifadə edib. Heydərov Qaşim Maqomedovdan növbəti yarışlarda, xüsusilə 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında da uğur gözlədiyini bildirib.

Qaşim Maqomedov və məşqçilər korpusu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, növbəti yarışlarda Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını diqqətə çatdırıblar.

İdman.biz