İdmançılarımız "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurub - VİDEO

Xəbərlər
18 Oktyabr 2024 13:49
789
İdmançılarımız "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurub - VİDEO

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, 3 gün davam edən yarışı Azərbaycan idmançıları 24 medalla başa vurublar.

Bu mükafatların 13-ü turnirin son günündə əldə olunub. Təmsilçilərimizdən Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl mükafata sahib çıxıblar. Onlar akademik avarçəkmədə 1500 m məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 m məsafəyə yürüşdə ikinci yeri tutub. 2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov cütlüyü gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütləri müvafiq olaraq ilk üç yeri tutublar.

200 m məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobianski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev cütlüyü gümüş medallar qazanıblar.
1000 m məsafəyə yürüşdə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov cütlüyü finişə ikinci, Yusif Əliyev - Ruslan Fərəcov üçüncü çatıblar.

Son olaraq İbrahim Məmmədzadə - Elmir Tarverdiyev cütlüyü (2010-2011) kayakda üçüncü olublar.

Qeyd edək ki, bu gün turnirin bağlanış mərasimi də keçiriləcək.

Aytac Sahəd
İdman.biz