Aprel 28-dən mayın 2-dək Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku 2025” beynəlxalq reqatasında iştirakçı ölkələrin adları açıqlanıb.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında təşkil olunacaq yarışda Avropa, Asiya və Afrikadan 20 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 200-dən çox idmançı gücünü yoxlayacaq.
Aprelin 28-də “Prezident Kuboku 2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.
Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Ertəsi gün Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq.
Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Komandalar kayak, kanoe və akademik növlərdə mübarizə aparacaqlar.
Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra mərasim bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, rəqs qrupları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
İdman.biz