Dövlət qurumları arasında ən güclü atıcılar bəlli olub - FOTO

Xəbərlər
6 İyul 2024 19:16
169
Dövlət qurumları arasında ən güclü atıcılar bəlli olub - FOTO

Bu gün Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Atıcılıq Federasiyası təşkilatçılığı birgə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılıq idman növü üzrə yarış keçirilib.

İdman.biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 20 dövlət qurumun əməkdaşları mübarizə aparıb.

Qadınlar arasında keçirilən yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı İlahə Hacıyeva birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Qumru Məmmədova yarışı ikinci, Maliyyə Nazirliyinin əməkdaşı Aysel Qasımova isə üçüncü pillədə başa vurub.

Kişilər arasında keçirilən yarışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəşad Eyyubov ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. SOCAR-ın əməkdaşı Elşən Lalayev ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tural Həsənli isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, qələbə uğrunda 19 qadın və 38 kişi əməkdaş yarışıb.

İdman.biz