Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib - FOTO

Xəbərlər
17 Avqust 2023 17:03
83
Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib - FOTO

Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib.

Bu barədə İdman.biz-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib. Bildirilib ki, Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib. Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər. Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.

Komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medala sahibləniblər. Komanda növündə gümüş medala Almaniya komandası, bürünc medala Hindistan komandası sahiblənib.

Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Boven Janq turnirdəki çıxışı ilə bağlı təəssüratlarını bölüşüb: "Bakıya gəldiyim üçün çox məmnunam. Çox gözəl şəhərdir. Eyni zamanda çempionat yaxşı təşkil olunub. Yarışa gəlincə, çox sevincliyik. Hər birimiz əlimizdən gələni etdik. Çalışırdıq ki, komanda yarışında ən yüksək xalı toplayaq. Buna nail olduq. Əlimizdən gələni etdik və qalib olduq".

27 yaşlı idmançı fərdi yarışdakı çıxışı barədə də danışıb. O, gümüş medalçı Damir Mikeçlə arasındakı rəqabəti belə dəyərləndirib:

"Belə yarışlarda rəqib baxımından həmişə təhlükə var. Atıcılıq yarışındakı ən vacib məsələ insanın öz-özünə qalib gəlməsidir və konsentransiya olmasıdır. Ona görə diqqətimi özümə yönəltdim. Heç kimi fikirləşmədim və qalib gəldim". Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları barədə danışan Boven Janq bunları deyib: "Təbii ki, lisenziya qazandığımız üçün çox sevinirik. Çox şadam ki, ölkəm üçün nəsə edə bildim. Mən əlimdən gələni edəcəyəm ki, Olimpiya Oyunlarında yaxşı nəticə göstərim. Fərdi naliyyətimlə yanaşı, komandanı da fikirləşirəm".

Çin komandasının digər üzvü Cunhuy Liu mundialın keçirildiyi Bakı Atıcılıq Mərkəzi və yarışla bağlı müsbət fikirdə olduğunu gizlətməyib:

"Bakıya artıq ikinci səfərimdir. İlk dəfə mayda - dünya kubokuna gəlmişdim. Bakı Atıcılıq Mərkəzindən və yarışın təşkilində çox razıyam. Hər şey yüksək səviyyədə təşkil olunub. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm".

Bu gün eyni zamanda qadınlar arasında 10 metr məsafəyə pnevmatin tapançadan atəş üzrə yarışın qalibləri də müəyyənləşəcək.

İdman.biz