Güllə atıcılığı üzrə Azərbaycan millisinin lideri Ruslan Lunyovun İdman.biz-ə müsahibəsi
- 2024-cü il başa çatır. İli sizin üçün uğurlu adlandırmaq olar?
- Bu il çıxışımı elə də yaxşı dəyərləndirmirəm. Buna səbəb ötən illərlə müqayisədə daha az medal qazanmağımdır.
- Paris-2024 Yay Olimpiya Oyunlarını da 18-ci sırada bitirdiz. Uğursuzluqda bunun da payı var?
- Bəli, çıxışımın uğursuz olduğunu deyə bilərəm. Nəticə olaraq artırmağıma baxmayaraq, finala çıxa bilməməyim belə deməyə əsas verir.
- Bəs Olimpiadadan çıxardığınız ən böyük dərs nə oldu?
- Bir şeyi dəqiqləşdirdim. İdmanda tək hazırlıq yox, bəxt də çox önəmlidir.
- Qarşıda hansı yarışlarda iştirak edəcəksiz?
- Yarışın fərqi yoxdur. Çalışacam ki, bütün turnirlərə qatılam.
- Sosial şəbəkədə paylaşımınızda bildirmisiz ki, hədəf 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Həmin vaxt 39 yaşınız olacağını nəzərə alsaq, uğur qazanmaq sizin üçün çətin olmayacaq?
- Hədəfim budur. Əgər yaşdan söhbət gedirsə, çətin olmayacaq. Çünki bizim idman növündə yaş problem deyil. Bəlkə də 60 yaşdan sonra çətinlik ola bilər. Amma ona qədər yox. Çox Olimpiya mükafatçıları var ki, 40-60 yaşarası medal götürüblər. Onlardan biri də mənim anam İradə Aşumovadır.
- Son yarışlarda 2 növdə - 10 m və 25 m məsafəyə atəşaçmada çıxış edirsiz. Gələn il daha çox hansına üstünlük verəcəksiz?
- Paris Olimpiadasına 1 il qalmış 25 m məsafəyə atəşaçmanı seçdim. Hər 2 növdə çıxış etsəm də, əsasən 25 m məsafəyə köklənmişdim. Oyunlara 1,5 ay qalmış silahım sıradan çıxdı. Məcbur olub təzəsini götürdüm. Həmin müddətdə də yeni silaha alışmaq çətindir. Normalda bir yarışa ən azı 9-12 ay qaldıqda silahı dəyişmək məsləhət görülmür. Çünki tətik və sair hissələri fərqli olur. 10 m məsafədə istifadə olunan silahda isə patrondan istifadə edilmir. Qurğuşun güllələrə görə daha gec sıradan çıxır. Bu səbəbdən də gələn 4 ilə istəyirəm ki, əsasən 10 m məsafədə çıxış edim. Hər ikisində də atışlar edəcəm. Bu məsafəni seçməyin digər səbəbi isə son 3 Yay Olimpiya Oyunlarında 10 m məsafədə finallara düşmək nəticəsinin daha aşağı olmasıdır.
Emin Ağa
İdman.biz